MİLLİ MƏCLİSİN İCLASINDA

31/05/19

Mayın 31-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” (birinci oxunuş) məsələyə baxıldı.
Qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təqdim etdi. Bildirdi ki, plenar iclasa təqdim edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və Hesablama Palatasının müvafiq rəyi qanunvericiliyə uyğun hazırlanaraq vaxtında Milli Məclisə təqdim edilib, sənəd iqtisadi strukturların rəhbərləri ilə komitə iclasında ətraflı müzakirə olunub.
Komitə sədri vurğuladı ki, 2018-ci il bütün inkişaf göstəricilərinə görə yaddaqalan, uğurlu il olub. Azərbaycan xalqı ötən il müstəqil dövlətçilik tarixinin – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edib. Həmin tədbirdə cənab Prezident İlham Əliyev son 25 ildə əldə olunan nailiyyətlərə diqqət ayırıb.
Azərbaycan dünyada dinamik inkişaf edən, özünün beynəlxalq nüfuzunu daim artıran dövlət kimi tanınır. Ölkəmiz dünyanı heyran edən irimiqyaslı transmilli layihələrdə iştirak edərək özünü layiqincə tanıdıb, qlobal risklərə baxmayaraq keyfiyyətli inkişafını davam etdirib. 
Əsas makroiqtisadi göstəricilərdən söz açan Ziyad Səmədzadə  dedi ki, ötən il ÜDM (Ümumi Daxili Məhsul) 1,4 faiz, əhalinin adambaşına düşən gəlirləri 8,2 faiz artıb, inflyasiya təkrəqəmli olub, manatın məzənnəsi sabit qalıb, enerji daşıyıcılarının qiymətlərindəki müsbət dinamika xarici ticarət balansının müsbət nəticələnməsinə səbəb olub. 2017-ci illə müqayisədə 2018-ci ildə xarici ticarət dövriyyəsi 30,9 faiz artaraq 31,8 milyard ABŞ dolları təşkil edib, əmtəə ixracı isə 31,1 faiz artaraq 20,3 milyard ABŞ dollarına çatıb. Qeyri-neft əmtəə ixracının 9,8 faiz artdığını xüsusi qeyd edən komitə sədri vurğuladı ki, bütövlükdə ticarət balansında yaranmış müsbət saldo gələcəkdə böyük və dinamik işlərin həyata keçirilməsinə imkan yaradacaq. Valyuta ehtiyatımız 2018-ci ildə 44,5 milyard manata çatıb. Dövlət büdcəsinin gəlirləri üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib.
Ziyad Səmədzadə bildirdi ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri 22 milyard 508 milyon manat olub, proqnozlara qarşı büdcənin icrası 101,6 faiz təşkil edib. Deputatların nəzərinə çatdırıldı ki, qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının artımla icra olunması xüsusi qeyd edilməlidir. Həmin daxilolmalar 9 milyard 108 milyon manat həcmində və ya 103,5 faiz icra olunub ki, bu da proqnozda nəzərdə tutulduğundan 5,5 faiz çoxdur.
Ötən il ölkəmizdəki iqtisadi artımla yanaşı vergi sistemindəki proseslərə təsir edən amillərdən söz açan komitə sədri bildirdi ki, şəffaflığın bərpa olunması üçün vergi ödəyicilərinə hazırlıq vaxtının verilməsi, səyyar vergi yoxlamalarının sayının 3,4 dəfə  azaldılması,  vergi nəzarəti tədbirlərinin gücləndirilməsi, artıq ödəmələrin həcminin azaldılması, vergi orqanlarının fəaliyyətinin yenidən qurulması, Vergi Məcəlləsində köklü dəyişikliklər edilməsi müsbət nəticələr verib. 
Qeyd olundu ki, 2018-ci ildə vergi daxilolmaları üzrə 7 milyard 380 milyon proqnoza qarşı faktiki daxilolmalar 7 milyard 415 milyon manat təşkil edib. Bu da 2017-ci illə müqayisədə 6,3 faiz artıqdır. Həmçinin bu daxilolmalar artıq ödəmələrin azalması şəraitində müşahidə edilib ki, bu, böyük nailiyyətdir.
Sonra iclasda Hesablama  Palatasının sədri Vüqar  Gülməmmədov çıxış etdi. Məlum oldu ki, müzakirəyə çıxarılmış qanun layihəsi barədə Hesablama  Palatasının rəyi müsbətdir.
Qeyd olundu ki, 2018-ci ilin dövlət büdcəsi yüksək artım tempi və icra səviyyəsi ilə xarakterizə olunur. Ötən il neftin qiymətinin artması makroiqtisadi sabitliyin bərpasına xidmət edib. Münbit makroiqtisadi meyllər dövlət büdcəsinin uğurlu icrasına real şərait yaradıb. Nəticədə dövlət büdcəsinin gəlir və xərclərinin icrası son 7 ildə ən yüksək artım tempini nümayiş etdirib.
Palata sədri bildirdi ki, hesabat ilində gəlirlərin artımının əsas mənbəyini Dövlət Neft Fondunun transferti təşkil edib. Lakin transfert məbləği nəzərə alınmasa da büdcənin ötən ilki gəlirləri 2017-ci illə müqayisədə 10,9 faiz çoxdur.
Dövlət büdcəsinin xərcləri 22,7 milyard manat məbləğində və ya müəyyən edilmiş proqnozla müqayisədə 98,4 faiz səviyyəsində icra edilib. 2017-ci illə müqayisədə artım 29,2 faiz təşkil etməklə ÜDM-ə nisbəti 28,5 faiz olub.
Sonra məruzəçi Hesablama Palatasının apardığı təhlillərdən bəhs etdi, dövlət büdcəsinin keyfiyyət strukturu, yəni xərclərin faydalılığı və iqtisadi artıma töhfəsi barədə danışdı. Bildirildi ki, 2018-ci ildə şərti istehsal xərcləri və ya iqtisadiyyatın real sektoruna yönələn xərclər əvvəlki illə müqayisədə 78 faiz çox olub. Ölkədə sosial siyasətin həyata keçirilməsi, müdafiə-idarəetmə, borca xidmət xərcləri və digər fəaliyyəti əhatə edən şərti qeyri-istehsal xərcləri də əvvəlki illə müqayisədə 12,9 faiz  artımla icra edilib. Büdcə xərclərinin strukturunda əsaslı qoyuluşlar üzrə xərclərin 56,6 faizi və ya 5,1 milyard manatı dövlət əsaslı vəsait qoyuluşuna yönəldilib ki, bu da dövlət büdcəsi xərclərinin 22,3 faizi həcmindədir.
Parlamentin diqqətinə çatdırıldı ki, Hesablama Palatası qeyri-neft sektorunda istehsal yönümlü layihələrin xüsusi çəkisinin artırılmasını, vahid xəzinə hesabının qalığının əlavə gəlirlərin təmin edilməsi məqsədilə istifadəsini, həmçinin bu vəsaitlərin borcların ödənilməsinə səmərəli şəkildə istiqamətləndirilməsini təklif edir.
Vüqar Gülməmmədovun çıxışından sonra “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi başlandı. Deputatlar Fərəc Quliyev, Elman Nəsirov, Çingiz Qənizadə, Əli Məsimli, Fazil Mustafa, Eldar İbrahimov, Vahid Əhmədov, Tahir Mirkişili, Azay Quliyev,  Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Rafiq Məmmədhəsənov, Elmira Axundova, Aydın Hüseynov, Aydın Mirzəzadə, Hadi Rəcəbli 2018-ci il dövlət büdcəsinin icrasına dair rəylərini bildirdilər. Bir sıra təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırdılar.
Qanun layihəsi səsə qoyuldu və birinci oxunuşda qəbul edildi.
İclasa yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bununla da yaz sessiyası başa çatır. Deputatların müraciətinə əsasən  növbədənkənar sessiya olacaqdır. Spiker yaz sessiyasını bağlı elan etdi.
Azərbaycanın Dövlət Himni səsləndirildi.

 

Milli Məclisin
Mətbuat xidməti

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi