MİLLİ MƏCLİSİN İCLASINDA

30/05/19
Mayın 30-da Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, mayın 30-u və 31-də  keçiriləcək iclasların gündəliyinə 26 məsələ daxil edilib.  
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri  Əli Hüseynli məlumat verərək bildirdi ki, ilk sənədə edilən dəyişiklik 12-ci maddədə həyata keçirilir. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi qaydasını əks etdirən maddədə bundan sonra hansısa sənədin təqdim edilməsi, alınması 10 gün deyil, 10 iş günü müddətində həyata keçiriləcək.
Sənəd səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) da Əli Hüseynli məlumat verdi. Təklif edilən dəyişikliyə əsasən, qanunun 16-cı maddəsinin (Deputatın vəzifələri) ikinci cümləsi aşağıdakı kimi yeni redaksiyada verilir: “Deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur”.
Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edildi.
“İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) də deputatlar tərəfindən müsbət qiymətləndirildi.
Milli Məclis həmçinin “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” Sazişin,  eləcə də “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələrini təsdiqlədi.  
“Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadənin məlumatından sonra sənəd səsverməyə çıxarılaraq qəbul edildi. 
İclasda həmçinin “Fövqəladə vəziyyət haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunlara təklif edilən texniki dəyişikliklər də təsdiqləndi.   
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Dəyişikliyə əsasən, qanunun mövcud 2-ci maddəsində nəzərdə tutulmuş yoxlamalar siyahısına yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar da əlavə edilir.
 Sənədin qeyd hissəsində bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb. Qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqların müdafiəsi məqsədilə qeyd olunan hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.
Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edildi. 
Əmək Məcəlləsinə təklif olunan dəyişiklik barədə (ikinci oxunuş) Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev məlumat verdi. Bildirdi ki, dəyişiklik əməyin mühafizəsi ilə bağlı aparılan islahatlarla əlaqədardır. Dəyişiklik ikinci oxunuşda qəbul edildi.
 İclasda həmçinin “Hesablama Palatası haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Dövlət rüsumu haqqında”, “Yol hərəkəti haqqında”, “Milli arxiv fondu haqqında”, “Avtomobil yolları haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də ikinci oxunuşda təsdiqləndi. 
Məlumat verildi ki, Vergi və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələrinə əsasən (birinci oxunuş) Hesablama Palatası haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyən edilib. Belə ki, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin obyektlərinə və nəzarət tədbirinin predmeti ilə əlaqədar aidiyyəti tərəflərə göndərilmiş Hesablama Palatasının qərarlarının əsassız icra edilməməsinə görə - vəzifəli şəxslər 300 manatdan 1000 manatadək məbləğdə cərimə edilir. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edildi.
Qeyd olundu ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən digər dəyişiklik isə (ikinci oxunuş) “Aviasiya haqqında” qanunun tələblərindən irəli gəlir və uyğunlaşdırma xarakterlidir. Bu dəyişiklik də ikinci oxunuşda təsdiqləndi.
İclasda “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun məlumatından sonra səsə qoyularaq birinci oxunuşda təsdiqləndi.
Məlumat verildi ki, “Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunlara təklif olunan dəyişikliklər (birinci oxunuş) “Hesablama Palatası haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.
Bu dəyişikliklər də səs qoyularaq birinci oxunuşda qəbul edildi.   
Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı bildirildi ki, dəyişiklik Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsinin verilməsi və digər güzəştlərlə bağlıdır. Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilir.
Banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.
“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) məlumat verən komitə sədri Əli Hüseynli dedi ki, dəyişiklik Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə rüsumları nəzərdə tutur.
Layihə səsverməyə çıxarılaraq qəbul olundu.
Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin məlumatından sonra “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif olunan dəyişiklik birinci oxunuşda qəbul edildi. Bildirildi ki, bu dəyişiklik tibb müəssisələrinin akkreditasiyadan keçirilməsi ilə bağlıdır.
Sonra “Kredit ittifaqları haqqında” qanuna, həmçinin İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişiklik edilməsi haqqında  qanun layihələri də (birinci oxunuş) təsdiqləndi. 
İclasda müxtəlif məsələlərin müzakirəsi zamanı deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, Vahid Əhmədov, Çingiz Qənizadə, Elmira Axundova, Əflatun Amaşov çıxış etdilər, qeyd və təkliflərini bildirdilər.
 İclası bağlı elan edən Milli Məclisin Sədri Oqtay Əsədov diqqətə çatdırdı ki, gündəlikdəki bir məsələ - “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi parlamentin sabah keçiriləcək yaz sessiyasının sonuncu iclasında müzakirəyə çıxarılacaq.   

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi