YAP GƏNCLƏR BİRLİYİNİN ÜZVLƏRİ MİLLİ MƏCLİSDƏ

24/05/19

Mayın 24-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə oldular. Əvvəlcə gənclər Milli Məclisdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Sonra YAP Gənclər Birliyinin üzvləri parlamentin iclas zalı ilə tanış oldular. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov gəncləri salamladı, onların 28 May Respublika Günü ərəfəsində Azərbaycan parlamentinin fəaliyyəti ilə tanış olmalarının əhəmiyyətini vurğuladı.
Sonra Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev parlamentin fəaliyyəti haqqında gənclərə məlumat verdi. Bildirdi ki, parlamentin binası hələ sovetlər dövründə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilərək istifadəyə verilib. Azərbaycan parlamentinin keçdiyi yolun əhəmiyyətindən danışan Səfa Mirzəyev qeyd etdi ki, Milli Məclisdə 125 deputat təmsil olunur. Aparat rəhbəri bildirdi ki, 1995-ci ildən indiyə kimi parlament 2000-dən çox qanun və qərar qəbul edib.
Daha sonra YAP Gənclər Birliyinin üzvləri parlamentdə “Heydər Əliyev” muzeyi ilə tanış oldular.
Sonra “Azərbaycan parlamentarizm tarixi: dünəni və bu günü” mövzusunda dəyirmi masa öz işinə başladı.
Tədbiri açan YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, gənclərimiz xalqımızın tarixini, o cümlədən, parlamentin tarixini dərindən öyrənməlidir. Bu baxımdan, belə bir dəyirmi masanın keçirilməsi çox əhəmiyyətlidir.
Sonra Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxış edərək qeyd etdi ki, Azərbaycana parlamentarizm ənənələri heç də kənardan gəlməyib. Ölkəmizdə parlament ənənələri qədimdən mövcud olub.
Vitse-spiker 28 May Respublika Gününün tariximizdə mühüm yer tutduğunu vurğulayaraq Cümhuriyyət irsinin öyrənilməsinin vacibliyini qeyd etdi, bundan ibrət dərsi götürməli olduğumuzu diqqətə çatdırdı. Vitse-spiker cümhuriyyət qurucularının xatirəsinin böyük ehtiramla yad edildiyini qeyd etdi. Bildirdi ki, biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq.
Bahar Muradova nəzərə çatdırdı ki, 1918-ci ildə Milli Şuranın ən böyük xidmətləri İstiqlal Bəyannaməsinin qəbul olunması, Bakının işğaldan azad edilməsi, Azərbaycan parlamentinin fəaliyyətə başlamasıdır. Bahar Muradova diqqətə çatdırdı ki, fəaliyyət göstərdiyi müddət ərzində parlament həyatın bütün sahələrinə dair vacib qanun və qərarlar qəbul edib. O vaxt qəbul edilmiş qərarlar bu gün Azərbaycan dövlətçiliyinin əsaslarını təşkil edir. Vitse-spiker o dövrdən indiyədək parlamentin şərəfli yol keçdiyini diqqətə çatdırdı. Vurğuladı ki, “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər Cümhuriyyət qurucuları yaşasaydılar, bugünkü müstəqil Azərbaycanla qürur duyardılar.”
Qeyd olundu ki, Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər. Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf yolunda uğurla irəliləməyə başlamış, bu gün isə ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır.
Sonra dəyirmi masada gəncləri maraqlandıran suallara cavab verildi, onların fikirləri dinlənildi.
Çay fasiləsindən sonra gənclərin iştirakı ilə “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada çıxış edən Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirdi ki, Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkə özünü nə enerji, nə də qida ilə təmin edə bilirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə mövcud problemlər həll olundu. Bir çox sahələrdə olduğu kimi, enerji sahəsində də neft strategiyası hazırlandı. “Əsrin müqaviləsi” imzalandı, neftimiz dünya bazarına çıxarıldı.
Valeh Ələsgərov diqqətə çatdırdı ki, Azərbaycanın təbii sərvətləri çox olsa da, ötən əsrin 1990-cı illərin əvvəlində hakimiyyətdə olanlar ondan düzgün istifadə edə bilmirdilər. Bu gün isə ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir dövlətə çevrilib və bütün dünyada layiqincə təmsil olunur.
Dəyirmi masada gənclərə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən nəhəng neft, qaz, nəqliyyat layihələri barədə də ətraflı məlumat verildi.
Sonra gənclərin fikirləri dinlənildi, onları maraqlandıran suallara cavab verildi.
Nahar fasiləsindən sonra gənclərin iştirakı ilə “Azərbaycanda təhlükəsizlik sistemi: Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov gənclərə mövzu ilə bağlı ətraflı məlumat verdi. Azərbaycanın müstəqillik tarixindən söz açan I vitse-spiker bildirdi ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci ilin 18 oktyabrında Ali Sovetdə qəbul olunsa da, ölkəmizdə müstəqil dövlətçiliyin inkişafı Ulu Öndər Heydər Əliyevin adı və əməlləri ilə bağlıdır. 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə bu dahi şəxsiyyət Azərbaycan dövlətini və xalqını dünyaya tanıtdı.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müasir Azərbaycan Respublikasında təhlükəsizlik məsələlərindən bəhs edən Ziyafət Əsgərov bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ilin fevralından başlayan məsələ deyil, ermənilərin Azərbaycana qarşı torpaq iddialarının 200 illik tarixi var. Çünki onlar Qafqazın aborigen əhalisi deyildirlər. Hazırda Ermənistanın paytaxtı olan İrəvan şəhəri də qədim Azərbaycan torpağıdır.
XX əsrdə Azərbaycanın dövlətçilik tarixi, ərazisi, beynəlxalq aləmdəki mövqeyi barədə konkret tarixi faktları dilə gətirən I vitse-spiker Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in Minsk qrupunun yaranma tarixi və fəaliyyəti, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bütün beynəlxalq sənədlərdə təsbit olunduğu, lakin ikili standartlar ucbatından işğalçı Ermənistana kifayət qədər təzyiq göstərilmədiyi barədə danışdı. Qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə qarşı tərəf əngəllər törədir.
Gənclərin nəzərinə çatdırıldı ki, hazırda bizim ən müasir silahlarla təchiz olunmuş ordumuz var. Azərbaycan günü-gündən inkişaf edir və güclənir. Ölkəmiz gücləndikcə Dağlıq Qarabağ münaqişəsinin həlli də yaxınlaşır.
Ziyafət Əsgərov gənclərə yaxşı təhsil almaları, fəal vətəndaş mövqeyinə sahib olmaları, müasir dünya siyasətinə və sosial şəbəkələrdə gedən təbliğata ayıq gözlə baxmaları, işğalçı Ermənistanın Azərbaycan əleyhinə apardığı çirkin təbliğat kampaniyasına tutarlı cavablar vermələri ilə bağlı tövsiyələrini də çatdırdı. Dəyirmi masa ətrafındakı gənclərin düşüncə və təkliflərini dinlədi, onları maraqlandıran suallara aydınlıq gətirdi.
Yekunda YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov tədbirin yüksək səviyyədə təşkilinə və gənclər üçün belə gözəl şəraitin yaradılmasına görə parlamentin rəhbərliyinə minnətdarlıq bildirdi.
Tədbirdən sonra Ulu Öndər Heydər Əliyevin parlamentdəki abidəsi önündə xatirə şəkilləri çəkdirildi.

 

Milli Məclisin
Mətbuat xidməti
 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi