YOHANES KARS: “ALMANİYA AZƏRBAYCANLA MÜNASİBƏTLƏRİN DƏRİNLƏŞMƏSİNDƏ MARAQLIDIR”

23/05/19

Mayın 23-də Milli Məclisin Sədri Oqtay Əsədov Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlament qrupunun başçısı Yohanes Karsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.
Parlamentin Sədri qonaqları salamlayaraq, bu səfərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağına inamını ifadə etdi. Bildirildi ki, Azərbaycan tərəfi dostluq qruplarının qarşılıqlı səfərlərini  yüksək qiymətləndirir.
Söhbətdə Sədr dedi ki, ölkələrimiz arasındakı münasibətlərin  zəngin tarixi vardır. 2016-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalamışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni məna kəsb etmişdir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri bu baxımdan ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır. Bu günədək Azərbaycanla Almaniya arasında 77 hüquqi sənəd imzalanmış, 14 sənəd isə baxılmaqdadır.
İqtisadi sahədə də münasibətlərimiz yüksələn xətlə inkişaf edir. Almaniya Azərbaycanın Avropada ən önəmli siyasi-iqtisadi tərəfdaşlarındandır. Ölkələrimiz arasında 2018-ci ildə  ticarət dövriyyəsinin həcmi təqribən 1,9 milyard ABŞ dolları olmuşdur. Bu rəqəm ötən dövrün göstəricisindən 39,4 faiz çoxdur. Cari ilin birinci rübündə ticarət dövriyyəsinin həcmi 590 milyon ABŞ dolları təşkil etmişdir. Ölkələrimizin iqtisadi potensialı imkan verir ki, bu göstəricilər gələcəkdə daha yüksək olsun.
Azərbaycan təşəbbüskarı və fəal iştirakçısı olduğu  qlobal neft və qaz kəmərləri ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında qətiyyətli mövqe nümayiş etdirir. Biz Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının iştirakçısıyıq. Avropa İttifaqı Azərbaycan üçün vacib tərəfdaşdır.
Spiker Almaniya Bundestaqında və Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə qrupların fəaliyyət göstərməsini təqdir etdi. Qeyd edildi ki, son illər bu əlaqələrimiz intensiv xarakter almağa başlayıb. Arzu edərdik ki,  hər iki ölkə rəsmiləri arasında qarşılıqlı səfərlər mütəmadi xarakter daşısın.
Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan Sədr problemin həllinin bölgənin inkişafı üçün əhəmiyyətindən danışdı. Bildirildi ki, münaqişənin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həlli regionun iqtisadi tərəqqisinə böyük təkan verər. Biz münaqişənin sülh yolu ilə həllində aidiyyəti qurumların və beynəlxalq birliyin məsələyə ədalətli və həssas yanaşacağına inanırıq.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlament qrupunun başçısı Yohanes Kars  ölkəmizə səfərindən və bu burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söylədi. Yohanes Kars dedi ki, o, ölkəmizdə ilk dəfə 1999-cu ildə olub. Budəfəki səfərində müstəqil Azərbaycanın bölgələrinin və paytaxt Bakının sürətlə inkişaf etdiyini müşahidə edib.  Bütün bunlar Azərbaycanın dostu kimi onları da sevindirir. Avropa İttifaqının üzvü olan Almaniya Cənubi Qafqazın bu bölgəsi ilə münasibətlərin dərinləşməsində maraqlıdır.
Qonaq qeyd etdi ki, Bundestaqla Milli Məclis arasında əməkdaşlığın genişlənməsi ümumi məqsədlərə xidmət edir. Qarşıya qoyulan hədəflərə çatmaq üçün parlament diplomatiyası əhəmiyyətli rol oynayır. Qonaq Almaniya Bundestaqı sədrinin salamlarını Oqtay Əsədova çatdıraraq, Almaniya parlamentində Azərbaycanın qanunvericilik orqanı ilə əlaqələrin inkişafına böyük maraq olduğunu söylədi.
Yohanes Kars qeyd etdi, siyasi, iqtisadi sahədəki uğurlarınız mədəniyyət sahəsində əlaqələrimizə də öz təsirini göstərməkdədir.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Xanlar Fətiyev, ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi