MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

23/05/19
Mayın 23-də ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvləri Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər. 
Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev bildirdi ki, Azərbaycan Almaniya ilə münasibətlərinə böyük önəm verir və iki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir. Xanlar Fətiyev belə səfərlərin sayının artırılmasının vacibliyindən danışdı. Söhbət zamanı qonaqlara ölkəmizin əldə etdiyi uğurlar, reallaşdırdığı layihələr, qanun yaradıcılığı prosesi barədə geniş məlumat verildi. 
Görüş üçün təşəkkürünü bildirən Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohanes Kars Azərbaycanda 20 il əvvəl olduğunu və ötən dövrdə Azərbaycanın çox inkişaf etdiyini və gözəlləşdiyini diqqətə çatdırdı. Qonaq ölkəmizə Gürcüstan sərhədindən avtomobillə gəldiklərini, buna görə də təkcə Bakıdakı deyil, regionlardakı inkişafın da şahidi olduqlarını qeyd etdi. Bildirildi ki, Azərbaycan regionda vacib rola sahibdir və Almaniya üçün çox vacib tərəfdaşdır. 
Söhbət zamanı Azərbaycan-Almaniya münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyinə əminlik ifadə olundu.
Görüşdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Əli Hüseynli, Tahir Mirkişili,  Sevinc Hüseynova, Asim Mollazadə, hər iki ölkənin səfirləri Ramin Həsənov və Mixael Kindsqrab iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi