MİLLİ MƏCLİSİN İCLASINDA

17/05/19

Mayın 17-də Milli Məclisin Sədri Oqtay Əsədovun sədrliyi ilə parlamentin yaz sessiyasının növbəti iclası keçirildi. 18 məsələdən ibarət gündəlik təsdiqləndi.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Standartlaşdırma haqqında” qanun layihəsinin ikinci oxunuşdan sonra təkmilləşdirilmiş variantı barədə məlumat verdi. Qeyd etdi ki, bu qanun ölkəmizdə iqtisadiyyatın innovasiyalı inkişafı istiqamətində tərəqqisinə yeni imkanlar açacaq. Layihə səsə qoyuldu və üçüncü oxunuşda  qəbul edildi. 
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Mülki Məcəllədə edilən dəyişiklik (üçüncü oxunuş)   ölkəmizin ərazisində beynəlxalq yükdaşımalarla bağlıdır. Layihədə yük daşınması müqaviləsi, həmçinin daşımalarda iştirakçı olan şəxslərin statusu dəqiqləşdirilir, bu prosesdə ekspeditorların rolu və məsuliyyəti müəyyənləşdirilir. Parlament qanun layihəsini dəstəklədi.
Qeyd olundu ki, “Dövlət rüsumu haqqında” qanunun 11-ci maddəsində edilən dəyişiklik Mülki Məcəlləyə və “Müflisləşmə və iflas haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır. Deputatlar dəyişikliyə razılıq verdilər.
“Telekommunikasiya haqqında” qanunun 33-cü maddəsində edilən dəyişikliyin məzmunu bundan ibarətdir ki, kommersiya hüquqi şəxslərinin qeydiyyatını bir pəncərə sistemi əsasında aparan Vergilər Nazirliyi sorğu verərkən mobil telefon operatorları həmin qurumların və şəxslərin təqdim etdikləri nömrələrin düzgünlüyü barədə məlumatı versinlər. Qanun layihəsi dəstəkləndi.
Gündəlikdəki növbəti iki məsələ barədə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun məlumatı dinlənildi. Komitə sədri bildirdi ki,  “Dövlət rüsumu haqqında” qanunda 31 may 2018-ci ildə edilmiş dəyişikliyin icrası ilə əlaqədar “Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə və “Baytarlıq haqqında” qanunun 39-cu maddəsinə dəyişiklik olunması zərurəti meydana gəlib. Səsvermədə qanun layihəsi müsbət qarşılandı.
Sonra “Toxumçuluq haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Torpaq icarəsi haqqında” və “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsini təqdim edən Eldar İbrahimov bildirdi ki, bu sənəd “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununda və “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə” 30 sentyabr 2014-cü il tarixli qanunun icrası məqsədilə hazırlanıb. Deputatlar həmin qanunu qəbul etdilər.
Plenar iclasda Mülki Məcəlləyə təklif olunan dəyişikliyə baxıldı. Əli Hüseynli məlumat verdi ki, Məcəllənin hesabdan pul silinməsinin növbəliyinə dair 965-ci maddəsinə edilən dəyişiklik ötən ilin sonunda “Daşınar əmlakın yüklülüyü haqqında” qanunda edilmiş dəyişikliyin icrasına xidmət edəcək. Qanun qəbul olundu.
Sonra Milli Məclis “Yol hərəkəti haqqında” qanunun nəqliyyat vasitələrinin dövlət qeydiyyatı barədə 27-ci maddəsinə və parklanma haqqında 53-cü maddəsinə, həmçinin “Notariat haqqında” qanunun notariat hərəkətlərinin sirrinin saxlanmasına dair 32-ci maddəsinə təklif olunan dəyişiklikləri məqbul saydı.
Parlament İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsində edilən dəyişikliyi məqsədəuyğun saydı. Dəyişikliyə görə, feldyeger rabitəsi haqqında qanunvericilik pozulduğu hallarda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasına dair qərar prokuror tərəfindən veriləcək.
İclasda bildirildi ki, “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi vacibliyi bu aktın “Büdcə sistemi haqqında” qanuna uyğunlaşdırılması zərurətindən meydana gəlib. Yeni layihə dövlət büdcəsi zərfinə daxil olan sənədlərdə və məlumatlarda azadolma və güzəştlərin həcmi, effektivliyi, onun məbləği barədə qiymətləndirmələrə imkan verəcək. Həmçinin qanunda 8.0.13-cü maddənin ləğvi nəzərdə tutulur ki, nəticədə Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh etmək hüququ aradan qaldırılır. Parlament bu qanunu birinci oxunuşda qəbul etdi.
Ziyad Səmədzadə bildirdi ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 12.2-ci maddəsinə edilən dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır. Büdcə sistemi və dövlət borcu haqqında qanunlarda edilmiş dəyişikliklərlə əlaqədar “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu” adlı məqsədli büdcə fondu yaradılıb. Müzakirəyə çıxarılmış qanun layihəsində nəzərdə tutulur ki, Təminat Fondunun vəsaiti bir sıra mənbələr hesabına, o cümlədən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 12.2-ci maddəsinə uyğun olaraq Təminat Fonduna köçürülən vəsait hesabına formalaşdırılacaq. İclasda sənəd səsə qoyuldu və birinci oxunuşda qəbul edildi. 
“Dövlət rüsumu haqqında” qanunun 17-ci maddəsindəki dəyişiklik Azərbaycan vətəndaşlarına fərqli giriş vizaları tətbiq edən ölkələrin fərqləndirilməsinə, eyni zamanda Azərbaycana giriş üçün tətbiq olunan vizaya görə rüsumun həmin ölkədə tətbiq olunan rüsumlarla uzlaşdırılmasına (eyniləşdirilməsinə) xidmət edəcək. Deputatlar bu qanun layihəsini birinci oxunuşda məqbul saydılar. 
“Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” (birinci oxunuş) məsələ parlamentdə geniş müzakirə olundu. Məlumat verildi ki, “Dövlət rüsumu haqqında” qanuna əlavə olunan 32-1-ci maddədə təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri müəyyən olunur. “Təhsil haqqında” qanunun bir sıra maddələrinə edilən dəyişiklik isə “Lisenziyalar və icazələr haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.
Geniş fikir mübadiləsində deputatlar Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Əflatun Amaşov, Asim Mollazadə, Musa Quliyev, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, İsa Həbibbəyli, Eldar Quliyev rəylərini, irad və təkliflərini bildirdilər. Müzakirədən sonra həmin qanun layihəsi birinci oxunuşda qəbul olundu. 
İclasda qanunvericiliyin təkmilləşdirilməsi baxımından Əmək Məcəlləsinin 221-ci maddəsində edilən dəyişikliyə dair Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin məlumatı dinlənildikdən sonra  bu layihə də birinci oxunuşda qəbul edildi. 
Bugünkü plenar iclasda gündəlikdəki 7 məsələni təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  bildirdi ki, “Yol hərəkəti haqqında”, “Milli arxiv fondu haqqında”, “Avtomobil yolları haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilməsinə dair 1 oktyabr 2018-ci il tarixli qanunun tətbiqi və Azərbaycan Prezidentinin 7 noyabr 2018-ci il tarixli müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə hazırlanıb. Bu layihə adıçəkilən qanunlar arasında mövcud olan ziddiyyətin aradan qaldırılmasına xidmət edəcək.
Fikir mübadiləsində abidələrin qorunmasının vacibliyini vurğulayan deputatlar Tahir Kərimli, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Qənirə Paşayeva, Nəsib Məhəməliyev bu qanunun əhəmiyyətini yüksək dəyərləndirdilər. Rəy və təkliflərini diqqətə çatdırdılar. Müzakirənin yekununda layihə səsə qoyuldu və birinci oxunuşda qəbul olundu. 
İnzibati Xətalar Məcəlləsinin 43-cü və 295-ci maddələrində dəyişiklik edilməsinə dair  qanun layihəsi də birinci oxunuşda məqbul sayıldı. Bildirildi ki, bu sənəd ötən ilin 7 dekabrında “Aviasiya haqqında” qanunda edilmiş dəyişikliyin icrası məqsədilə hazırlanıb.
 Milli Məclis “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsini ikinci oxunuşda müzakirə etdi. Öncə sənəd əsas kimi qəbul olundu. Mülki Məcəlləyə uyğunlaşdırma xarakteri daşıyan dəyişikliklər əvvəlcə maddə-maddə, sonra bütövlükdə səsə qoyuldu və ikinci oxunuşda qəbul edildi.
İclasın yekununda 4 fəsil 18 maddədən ibarət “Texniki tənzimləmə haqqında” qanun layihəsinə baxıldı. Bugünkü iclasda ümumilikdə 8 məsələni təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi ki, birinci oxunuşdan sonra layihə üzərində ciddi iş aparılıb, deputatların təkliflərinə əsasən qanunu ağırlaşdıran və təkrarçılıq yaradan bir sıra müddəalar çıxarılıb, redaktə və dəqiqləşdirmə xarakterli düzəlişlər olunub. Komitə sədri vurğuladı ki, bu qanunun qəbulu Azərbaycanda iqtisadi inkişafa, onun həm texniki, həm də səmərəlilik səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərəcək.
“Texniki tənzimləmə haqqında” qanun layihəsi əsas kimi qəbul olundu. Öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Bugünkü iclasda Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Çingiz Qənizadə, Fazil Mustafa, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Hikmət Məmmədov, Elman Nəsirov, Qənirə Paşayeva qanun layihələri ilə yanaşı günün bir sıra aktual məsələlərinə də münasibət bildirdilər.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi