GƏNCLƏR və İDMAN KOMİTƏSİNDƏ

11/04/19

Aprelin 11-də növbəti iclasına toplaşan  Milli Məclisin Gənclər və idman komitəsində öncə bu tarixin ölkəmiz üçün əlamətdar gün olduğu vurğulandı. Komitə sədri Ülvi Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin prezident seçkilərindən ötən 1 ildə gördüyü işlərdən, yürütdüyü gənclər və idman siyasətindən söz açdı, komitə üzvləri adından dövlətimizin başçısına gələcək fəaliyyətində uğurlar arzuladı. 

Sonra komitədə “Azərbaycan Respublikasının Gənclər Fondunun 2018-ci il ərzindəki fəaliyyəti haqqında hesabat” dinlənildi. Rəngli slaydlarla müşayiət olunan hesabatı təqdim edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bu qurumun yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, ötən il Fondun Müşahidə Şurasının 5 iclası keçirilib. Bir sıra bölgələrdə və şəhərlərdə XI qrant müsabiqəsinin maarifləndirmə görüşləri təşkil olunub. Müsabiqəyə 1095 layihə təqdim edilib, onlardan 370-i dəstəklənib. Həmin layihələrin icrasına 1 milyon 330 min 300 manat vəsait ayrılıb. Bakıda və Naxçıvanda müsabiqənin geniş təqdimatı keçirilib.
Fərid Cəfərov qeyd etdi ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan tələbə gənclər arasından təhsil və dərsə davamiyyət göstəriciləri yüksək olan 237 tələbənin təhsil haqqı borcu Fond tərəfindən ödənilib. Gənclərin vətənpərvərlik tərbiyəsi, inkişafı diqqət mərkəzində olub. Hesabat dövründə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri genişləndirilib, maarifləndirici səfərlər təşkil olunub. Gənclər Fondunun  xətti ilə 20 nəfər gənc 2 həftə müddətində Avropa İttifaqı təşkilatlarında, Avropa Parlamenti və Belçika Krallığının Xarici İşlər Nazirliyində, AŞPA-nın sessiyalarında təcrübə keçib.
Deputatların diqqətinə çatdırıldı ki, daha səmərəli fəaliyyət göstərmək məqsədilə bu il “Gənclərin Karyera və İnkişaf Mərkəzi”nin açılması, Gənc.Az portalının yaradılması nəzərdə tutulur.
İclasda çıxış edən deputatlar Əli Hüseynli, Azər Badamov, Elşən Musayev, Sevinc Hüseynova, Mahir Abbaszadə, Cavid Osmanov Gənclər Fondunun 2018-ci ildə gördüyü işləri və bu il həyata keçirəcəyi tədbirləri yüksək dəyərləndirdilər, tövsiyələrini bildirdilər. 
Milli Məclisdə təcrübə keçən tələbə gənclər komitənin iclasında çıxış edərək təkliflərini və arzularını Gənclər Fondu rəhbərliyinin və millət vəkillərinin diqqətinə çatdırdılar. 

 

Milli Məclisin
Mətbuat xidməti

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi