DEPUTATIMIZ AVROPADA BİR SIRA GÖRÜŞLƏR KEÇİRƏCƏK

11/02/19

Milli Məclisin Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev fevralın 12-də Londona səfər edəcək.
Burada millət vəkili Böyük Britaniya parlamentinin üzvləri, habelə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
Cavanşir Feyziyev səfər çərçivəsində Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə iştirak edəcək. Belə ki, ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə burada yaşayan azərbaycanlıların yürüşü, Britaniya Parlamentinin İcmalar Palatasında, London Şəhər Universitetində dəyirmi masalar keçiriləcək.
Yığıncaqlarda Xocalı faciəsi qurbanlarının xatirəsi anılacaq, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərdən danışılacaq. Xocalıda dinc əhaliyə qarşı törədilən vəhşilikləri əks etdirən sənədlər, fotolar nümayiş olunacaq.
Deputatımız daha sonra Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq. O, Avropa Parlamentində həmkarları ilə görüşəcək, aktual mövzularda söhbətlər aparacaq.
Səfər fevralın 28-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi