MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

21/12/18

Dekabrın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirildi. 
Azərbaycan parlamentində Dünya Bankının təmsilçiləri ilə görüşü təqdirəlayiq hal kimi dəyərləndirən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd etdi ki, müstəqilliyin ilk illərindən etibarən ölkəmizlə bu qurum arasında çox sıx əlaqələr qurulub, əməkdaşlıq ildən-ilə möhkəmlənib. Vurğuladı ki, Dünya Bankı mühüm infrastruktur layihələrinin reallaşmasında  Azərbaycana dəstək olubdur.
Qonaqlara ölkəmizdə aparılan iqtisadi islahatlardan, həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Qars və digər bu kimi qlobal layihələrdən  söz açan komitə sədri bildirdi ki, islahatlar hazırlanarkən Dünya Bankının tövsiyələri də nəzərə alınıbdır. Məlumat verdi ki, hazırda Azərbaycanda iqtisadi inkişafın aparıcı xəttini qeyri-neft sektorunun inkişafı və innovativ iqtisadiyyatın qurulması təşkil edir.
Görüşdə çıxış edən Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri Navid Həsən Naqvi həm qlobal nəticələr üzrə, həm də Azərbaycanda səhiyyə sahəsində aparılmış qiymətləndirmənin nəticələri üzrə deputatlarla fikir mübadiləsi aparmaqdan şərəf duyduqlarını bildirdi. Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihənin həyata keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirdiklərini vurğuladı.
Sonra görüşdə Dünya Bankı Qrupunun Azərbaycan səhiyyəsi, təhsili və insan resursları üzrə hazırladığı hesabatlar rəngli slaydlar vasitəsilə deputatlara təqdim olundu. Qurumun mütəxəssisləri təklif və tövsiyələrini diqqətə çatdırdılar. 
Məruzə olunan mövzular ətrafında Milli Məclisin deputatları ilə geniş fikir mübadiləsi aparıldı.  
Görüşdə deputatlar Əli Məsimli, Aydın Hüseynov, Şəmsəddin Hacıyev, Tahir Mirkişili, Mirzəcan Xəlilov, İqbal Məmmədov iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi