MİLLİ MƏCLİSDƏ TÜRKPA-NIN KOMİSSİYA İCLASI KEÇİRİLDİ

31/10/18

Oktyabrın 31-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının altıncı iclası keçirildi.
Türkiyə Böyük Millət Məclisinin üzvü, komissiyanın sədri İsmət Uçmanın sədrlik etdiyi iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament nümayəndələri və ekspertlər iştirak edirlər.
İsmət Uçma əvvəlcə iclasın gündəliyinə daxil  edilən  layihələrin əhəmiyyətindən danışdı. Sonra o,  Azərbaycanın müstəqillik tarixindən söz  açdı.  Bildirildi ki,  1918-ci ildə böyük mübarizə nəticəsində  qardaş Azərbaycan öz müstəqilliyini elan edərək demokratik dövlət yaradıb. Cəmi 23 ay fəaliyyət göstərən Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib. 1991-ci ildə isə Azərbaycan yenidən öz müstəqilliyini bərpa edib. Azərbaycan nadir maddi-mənəvi nemətləri, insan qaynaqları, yeraltı və yerüstü sərvətləri, əldə  etdiyi  nailiyyətlərlə dünyanın əhəmiyyətli ölkəsinə çevrilib. Azərbaycanın hər bir uğuru Türkiyəni çox  sevindirir və  bir  qardaş ölkə kimi daim onun yanındadır.
İsmət Uçma qeyd etdi ki, türkdilli ölkələr öz aralarında sosial, siyasi, iqtisadi sahələrdə əməkdaşlığı daha da inkişaf etdirərək dünyaya bir nümunə göstərəcəklər. Keçən 10 il ərzində TürkPA üzvləri tərəfindən bir çox uğurlara imza atılıb. Bildirildi ki, keçirilən  toplantılar,  müxtəlif mövzulardakı konfranslar, təcrübə mübadiləsi sayəsində qardaş ölkələrimiz arasında parlament səviyyəsində əməkdaşlığın daha da genişləndirilməsi çox əhəmiyyətlidir. Bu il noyabrın 20-də İzmirdə TürkPA-nın 10 illiyi qeyd ediləcək. Ümid edirəm ki, 10 il ərzində gördüyümüz işlər gələcək üçün yol xəritəsi ola biləcək. 
Sonra millət  vəkili Cavanşir Feyziyev gündəlikdəki məsələlərlə bağlı fikirlərini səsləndirdi. Bildirildi ki, son 3 il ərzində keçirilən toplantılar çox önəmli və faydalıdır. TürkPA-nın fəaliyyətdə olduğu  10 il ərzində ortaya türk dünyası üçün  əhəmiyyətli olan çox böyük işlər qoyulub.  Bütün bunlar təqdirəlayiqdir və gələcək üçün böyük vədlər verən fəaliyyətdir.
TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov İslam dünyasında ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə xalqımıza təbriklərini çatdırdı. Cari ilin önəmli tarixlərlə zəngin olduğunu deyən Altınbek Mamayusupov bildirdi ki, Qazaxıstanda da Astana şəhərinin qurulmasının 20, qazax ədəbiyyatının məşhur və önəmli şairlərindən biri Maqcan Cumabayevin 125 illiyi, Qırğızıstanda isə türk dünyasını və mədəniyyətini dünyaya tanıtdıran böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi ilə bağlı tədbirlər keçirilir.
İclasda “TürkPA katibliyinin Maliyyə Əsasnaməsi”, “TürkPA-nın Göstərdiyi Xidmətə görə Medalları və Medal Vəsiqələrinin Əsasnaməsi”, “2017-ci il üçün TürkPA katibliyinin icrasının illik auditi”, “TürkPA-ya üzv dövlətlərin terrorizmə qarşı mübarizə haqqında qanunvericiliyə dair ortaq mövqeyinin müəyyənləşdiriməsi üzrə hesabat məruzəsi” layihələri ətraflı müzakirə edildi.


Milli Məclisin
Mətbuat xidməti

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi