GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ

07/06/18

İyunun 7-də  Milli Məclisin Gənclər  və idman  komitəsində tədbir keçirildi.
Tədbiri giriş sözü  ilə  açan parlament Aparatının rəhbəri Səfa Mirzəyev bildirdi ki, məlum olduğu kimi bir neçə həftə əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Milli Məclisin Gənclər və idman komitəsinin sədri olmuş  Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri təyin edildi. Səfa  Mirzəyev Fuad Muradova bu çətin və məsuliyyətli işdə uğurlar arzuladı.  O,  Dövlət Komitəsi sədrinin bu sahəyə yeni bir nəfəs gətirəcəyinə və ölkəmizdə bu vacib istiqamətin günün tələbləri səviyyəsinə qaldırılacağına əminliyini ifadə etdi.
Milli Məclisin ötən iclasında Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyevin komitənin yeni sədri seçildiyini  vurğulayan Aparat rəhbəri burada görülən işləri, hazırlanan qanun layihələrini, ölkədə gənclər və idman   siyasətinin  inkişafında komitənin  rolunu yüksək qiymətləndirdi. Komitə üzvlərinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ona göstərdiyi yüksək etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O, bundan  sonrakı  fəaliyyətində  də  öz iş prinsiplərinə sadiq qalacağını, diaspor təşkilatlarımızın fəaliyyətinin  səmərəliliyinin artırılması üçün əlindən  gələni  əsirgəməyəcəyini  vurğuladı.
Sonra Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ona  göstərilən etimada  görə Milli Məclis  rəhbərliyinə  minnətdarlığını  bildirdi. 2015-ci ildə yaranan komitədə təməli qoyulmuş ənənələrin bundan sonra da səylə davam etdiriləcəyini qeyd  etdi.
Tədbirdə  iştirak  edən Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitəsinin  sədri Əli Hüseynli, deputatlardan  Kamran Nəbizadə,  Mahir Abbaszadə,  Adil Əliyev,  Azər Badamov, Sevinc Hüseynova, Eldəniz Səlimov, Elşad  Həsənov  keçmiş  həmkarları Fuad  Muradova  gələcək  işlərində uğurlar  arzuladılar.

 

Milli Məclisin
Mətbuat  xidməti
  

 

 

 

 

 

 

 

 


 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi