ATƏT PA SƏDRİ MİLLİ MƏCLİSDƏ

12/03/18

Martın 12-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan qurumun sədri Georgi Seretelinin başçılıq etdiyi nümayəndə heyəti ilə  görüşdülər.
Qonaqları salamlayan Milli Məclis Sədrinin müavini, təşkilatda  nümayəndə  heyətimizin rəhbəri  Bahar Muradova ATƏT-Azərbaycan  əməkdaşlığından ətraflı  söhbət  açdı. Qeyd  olundu ki, ölkəmiz ATƏT-in bərabərhüquqlu üzvü olmaqla yanaşı təşkilatın dəyərlərinin fəal təbliğatçısıdır. Bildirildi ki, son zamanlar ATƏT çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan  nümayəndə  heyətinin  təklifləri böyük  diqqətlə  dinlənilir.  Bahar Muradova  buna  görə  təşkilat  rəhbərliyinə minnətdarlığını  ifadə etdi. Ümumi hədəflərə nail olmaq  üçün  qurumla əməkdaşlığın  dərinləşdirilməsinin  faydalı olduğu  diqqətə  çatdırıldı.
Sonra  vitse-spiker  aprelin 11-də  Azərbaycanda  keçiriləcək  prezident  seçkilərinə  hazırlıqlarla  bağlı məlumat  verdi. Şəffaf, ədalətli  və  demokratik seçkilərin  keçirilməsi üçün ölkədə  hər  cür şəraitin  yaradıldığını bildirdi. ATƏT-in müşahidəçi missiyasının seçkiləri  izləyəcəyindən məmnunluq  duyduğunu dedi.
ATƏT  Parlament  Assambleyasının  sədri Georgi Sereteli səmimi  görüş  və qonaqpərvərlik  üçün minnətdarlığını  bildirdi. Qonaq  gürcü  xalqının nümayəndəsi kimi Bakıda hər  zaman özünü öz  evindəki kimi hiss etdiyini xüsusi fərəh hissi ilə bəyan etdi. Bu  dəfə ölkəmizə  ATƏT-in İpək Yoluna Dəstək Qrupunun Bakıda  keçiriləcək “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf  etdirilməsində  parlamentlərin rolu”  mövzusunda  konfransında iştirak etmək məqsədi ilə gəldiklərini dedi. O, Azərbaycanın ATƏT üçün ən dəyərli  ölkələrdən biri olduğunu dedi və münasibətlərin uğurlu davamına təkan verməkdə, əməkdaşlığımızın daha da möhkəmlənməsində maraqlı  olduqlarını  vurğuladı.
Görüşdə ATƏT  PA-nın  Baş katibi Roberto Mantella,  qurumun İqtisadi məsələlər, Elm, Texnologiya və Ətraf mühit komitəsinin sədri, Azərbaycanda seçkiləri müşahidə missiyasının rəhbəri Nilza de Sena, ATƏT PA-nın vitse-spikeri, millət  vəkili Azay Quliyev, deputatlardan Kamran Nəbizadə, Tahir  Mirkişili, Elşad Həsənov, Ülviyyə Ağayeva və  digər  rəsmi şəxslər  iştirak  edirdilər.
Söhbətdə  qarşılıqlı  əhəmiyyət  kəsb edən  bir  sıra  məsələlər barəsində  fikir mübadiləsi aparıldı. 

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi