MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

09/08/17
Avqustun 9-da Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşdü.
Qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən Oqtay Əsədov dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafından danışdı. Yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında böyük rol oynadığını qeyd edən Milli Məclisin sədri Prezident Qurbanqulu Berdiməhəmmədovun bu səfərinin Azərbaycan-Türkmənistan əməkdaşlığının daha da genişlənməsinə mühüm töhfə verəcəyini əminliklə vurğuladı. Sədr diqqətə çatdırdı ki, ölkələrimiz arasında indiyədək 45 sənəd imzalanmışdı, bu səfər çərçivəsində isə daha 14 sənəd imzalandı və bununla da mövcud hüquqi baza daha da möhkəmləndirildi. “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması isə ölkələrimizin hərtərəfli əməkdaşlığının daha da inkişafına geniş imkanlar açacaq.
Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında hər iki ölkənin prezidentlərinin siyasi dialoqlarının əhəmiyyətini vurğulayan Oqtay Əsədov ölkələrimizin parlamentləri arasında da yaxşı əməkdaşlığın olduğunu söylədi.
Azərbaycana səfərindən məmnunluğunu bildirən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıda keçirdiyi görüşlərin, aparılan müzakirələrin və imzalanan sənədlərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Ali qonaq Azərbaycanın və Türkmənistanın qanunverici orqanları arasındakı əməkdaşlığı yüksək qiymətləndirdi. Dövlət başçısı ölkələrimizin beynəlxalq səviyyədə birgə fəaliyyətindən, qarşılıqlı etimad və dəstəkdən razılığını bildirdi.
Türkmənistan Prezidenti vurğuladı ki, ölkələrimizin energetika, nəqliyyat və digər sahələrdə reallaşdırdığı iri layihələr nəinki region, həm də dünya üçün xüsusi önəm daşıyır. Dövlət başçısı xalqlarımızı dərin tarixi köklərin, mənəvi və mədəni dəyərlərin birləşdirdiyini, bunları qoruyub gələcək nəsillərə çatdırmağın vacib olduğunu qeyd etdi.
Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavinləri – Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Türkmənistandakı səfiri Həsən Zeynalov və digər rəsmi şəxslər iştirak edirdilər.


Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi