MİLLİ MƏCLİSDƏ “SOSİAL XİDMƏT HAQQINDA” QANUNUN İCRASI İLƏ BAĞLI DİNLƏMƏLƏR KEÇİRİLDİ

18/05/17

Mayın 18-də Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda sosial xidmət sisteminin  hüquqi, iqtisadi və təşkilati əsasları” mövzusunda Dəyirmi Masa keçirildi.
Toplantını  giriş sözü  ilə açan komitə sədri Hadi Rəcəbli “Sosial xidmət haqqında” qanunun icrası barədə danışaraq bildirdi ki, Azərbaycanda bu  sistem getdikcə təkmilləşir. Qeyd  olundu ki, ölkə Prezidenti İlham Əliyev  “Sosial xidmət  haqqında”  2011-ci il 30 dekabr  tarixli qanunun  tətbiqi ilə əlaqədar  Fərman imzalayıb.  Fərmanda  qanunun  tətbiqi ilə əlaqədar ayrı-ayrı məsələlərin  həlli il bağlı Nazirlər  Kabinetinə  tapşırıqlar verilib. Hazırda  ölkədə “Sosial xidmət haqqında”  qanuna  əsasən -  çətin həyat şəraitində yaşayan şəxsin sosial  problemlərinin aradan qaldırılması və ictimai  həyatda  digər  insanlarla bərabər  iştirak  imkanlarının  yaradılması  istiqamətində  kompleks  tədbirlər həyata  keçirilir. Qeyd  olundu ki, bu sahə üzrə həyata  keçirilən layihələrin icrasına bələdiyyələr, QHT-lər, hətta Qızıl Aypara Cəmiyyəti də cəlb edilə bilər.
 İclasda  iştirak edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov “Azərbaycanda  mövcud  sosial  xidmətlərin institusional mexanizmləri”  mövzusunda    çıxışında  vurğuladı ki, artıq Azərbaycanda sosial xidmət sahəsində böyük islahatlar aparılır, bu sahə üzrə yeni istiqamətlər yaradılır. Buna görə də vətəndaş cəmiyyətinin bu sahəyə cəlbi, hüquqi bazanın təkmilləşdirilməsi çox zəruridir.  Nazir  müavini bu gün ölkədə uşaqlar üçün Peşə Reabilitasiya Mərkəzi fəaliyyət göstərdiyini dedi. Qeyd  olundu ki,  indiyədək burada 800 nəfər 10 peşə istiqamətində hazırlığa cəlb olunub, 678 nəfər sertifikat əldə edib. Nazirliyin nəzdində Ahıl şəxslər üçün pansionat fəaliyyət göstərir ki, orada 300 ahıl şəxsə xidmət göstərilir. Evlərdə sosial xidmət aparmaq üçün bu sahədə fəaliyyət göstərənlərin sayı 12 mindən çoxdur.
Sonra tədbirdə Milli  Məclisin Sosial  qanunvericilik şöbəsinin sektor  müdiri Adil Vəliyev  sosial  xidmət  sahəsinin modernləşməsində  qanunun rolundan  söhbət  açdı.  Qeyd  olundu ki, bu qanun  ölkəmizdə çox  vacib olan bir  sferanın - çətin həyat  şəraitində  yaşayanların  sosial  müdafiəsinin fundamental  prinsiplərini özündə  ehtiva  edən bir  sənəddir.  Burada  ən çox qayğıya  ehtiyacı olan zümrələrin – ahıl və əlillərin, sağlamlıq imkanları məhdud olan, valideyn himayəsindən məhrum olan və ya  valideynlərini  itirən uşaqların, yetkinlik yaşına çatmayan baxımsızların, əqli  cəhətdən qüsurlu olanların, özünə qulluq  etmək imkanı olmayan  şəxslərin  sosial xidmət  ehtiyacları öyrənilir və yardım edilir. Bildirildi ki, qanunun qəbulundan sonra ölkəmizdə sosial  xidmətə ehtiyacı olan insanların cəmiyyətə adaptasiyası və inteqrasiyası, onlara  baxan şəxslərin maarifləndirilməsi üçün bütün imkanlardan istifadə  edilir.
Tədbirdə  Sosial  iş üzrə beynəlxalq  ekspert Herbert Paulichin, Əmək  və əhalinin  sosial müdafiəsi  Nazirliyinin idarə  rəisi Fuad  Hüseynov, UAFA-nın əməkdaşları Elmir Valehli və Züleyxa Nəcəfova bu  sahədəki yeniliklərdən, görülmüş işlərdən söhbət  açdılar.
Toplantının sonunda “Sosial işçinin bir günü” adlı videoçarx  nümayiş etdirildi.

 

Milli Məclisin
Mətbuat  xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi