MİLLİ MƏCLİSİN İCLASINDA

16/05/17

Mayın 16-da Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin  növbəti plenar iclası keçirildi. 10 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra deputatlar günün aktual məsələlərinə münasibət bildirdilər. Əsas mövzu Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ali Məhkəməsinin qərarı oldu.
Məsələyə kəskin etiraz bildirən deputatlar Siyavuş Novruzov, Arif Rəhimzadə, Əli Hüseynli, Zahid Oruc, Bahar Muradova, Əflatun Amaşov, Aydın Mirzəzadə, Mixail Zabelin, Elman Nəsirov, Fazil Mustafa, Elmira Axundova, Fərəc Quliyev, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Rövşən Rzayev, Çingiz Qənizadə, Sahib Alıyev, Hikmət Məmmədov Moskvada ÜAK-ın fəaliyyətinə xitam verən  Rusiya Ali Məhkəməsinin qərarından ciddi narahatlıqlarını ifadə etdilər. Vurğulandı ki, Rusiya Ədliyyə Nazirliyinin qaldırdığı iddianı təmin edən həmin qərar bu ölkədəki müəyyən qrupların maraqlarına xidmət edən ədalətsiz və qeyri-obyektiv qərardır.
Fikir mübadiləsinin yekununda Milli Məclisin Sədri Oqtay Əsədov məsələnin çözülməsi istiqamətində müəyyən tapşırıqlar verdi. Bildirdi ki, ÜAK-ın bağlanması Azərbaycan üçün çox xoşagəlməz hadisədir. Ölkəmiz hər zaman beynəlxalq təşkilatlarda Rusiyanın mövqeyini dəstəkləyib və dost münasibətini göstərib. Təəssüf ki, Rusiyadakı bəzi qüvvələrin, bəzi xüsusi maraqların və erməni diasporunun dəstəyi ilə vaxtaşırı belə hadisələrlə qarşılaşırıq. 
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. Plenar iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2 qanun layihəsini şərh etdi. Bildirdi ki, Məcəllədə aparılan dəyişikliklər şəhərsalma və tikintiyə dair normativ sənədlər sistemini, tikinti fəaliyyətinin peşə sahələrini və peşəkarlığın sertifikatlaşdırılmasını, yanğın təhlükəsizliyinə dair ümumi tələbləri əhatə edir. Vahid pəncərə sistemini nəzərdə tutan yeni qanuna görə, sifarişçilər tikinti parametrləri barədə ilkin məlumatları müvafiq icra hakimiyyətindən 10 gün müddətində, özü də elektron qaydada ala biləcəklər. Ekspertizası tələb olunan obyektlərin tikintisi üçün icazə 1 ay müddətində, tələb olunmayanlar üçün isə 12 iş günü ərzində veriləcəkdir. Həmçinin tikinti obyektinə texniki şərtlərin alınması da sadələşəcək. Bütün texniki şərtlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən sifarişçinin tikintiyə icazə müraciəti əsasında “ASAN” sistemi vasitəsilə 10 gün ərzində əldə edilərək ona təqdim olunacaq. Yeni layihədə tikinti obyektinin istismarına icazə verilmə müddəti  də 30 gündən 20 günə endirilib.
Deputatların rəyləri dinlənildikdən sonra qanun layihələri səsə qoyuldu və qəbul edildi.
Plenar iclasda məlumat verildi ki, İnzibati Xətalar Məcəlləsinin 307-ci və 315-ci maddələrinə təklif olunan dəyişikliklərdən məqsəd dəniz və çay nəqliyyatında hərəkətin təhlükəsizliyinin, həmçinin beynəlxalq konvensiyaların tələblərinin pozulmasının qarşısını almaqdır.  Bunun üçün qanunda məsuliyyət müəyyənləşdirilir. Belə ki, gəmilər insan həyatına və ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqlarla istismar və idarə edildikdə konkret cərimə ödəyəcəklər.
Səsvermə zamanı parlament Məcəllədəki bu dəyişiklikləri  məqsədəuyğun saydı. Qanunvericiliyin uyğunlaşdırılması baxımından Milli Məclis “Məhkəmə-Hüquq Şurası haqqında” və “Telekommunikasiya haqqında” qanunlara təklif olunan dəyişiklikləri qəbul etdi. “Pasportlar haqqında” qanunda diplomatik pasport verilən şəxslərin siyahısını genişləndirən dəyişiklik də deputatlar tərəfindən razılıqla qarşılandı. 
Gündəlikdəki növbəti məsələni şərh edən İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, ölkəmizdə dini etiqad azadlığının Azərbaycan Konstitusiyasına və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə uyğun həyata keçirilməsinin əlavə təminatı kimi “Dini etiqad azadlığı haqqında” qanunun 3 maddəsinə  dəyişikliklər  edilməsi zərurəti meydana çıxıb.
Parlament həmin dəyişiklikləri dəstəklədi.
Sonra Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ikinci oxunuşda müzakirəyə çıxarılmış “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi barədə ətraflı məlumat verdi. 3 fəsil, 17 maddədən ibarət sənəd ikinci oxunuşda əsas kimi qəbul edildi. Öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyuldu və ikinci oxunuşda qəbul olundu. 
Deputatlara “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini təqdim edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli birinci oxunuşdan sonra layihə üzərində aparılmış təkmilləşdirmə barədə danışdı. Bildirdi ki, xalqımızın sağlam gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bu qanun layihəsi ciddi müzakirələrdən keçib. Sənədlə bağlı Milli Məclisdə 5 komitənin iştirakı ilə “Azərbaycanda tütün məmulatlarından istifadə ilə mübarizədə qanunvericiliyin gücləndirilməsi” mövzusunda dəyirmi masa təşkil olunub. Həmin tədbirdə səslənən sanballı təkliflər layihədə nəzərə alınıb.  
Sonra iclasda 3 fəsil 17 maddədən ibarət qanun layihəsi əsas kimi qəbul edildi və fikir mübadiləsinə başlandı. Çıxışlarda qeyd olundu ki, cəmiyyətimizdə bu qanuna sosial sifariş var. Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli perspektivlərə yol açacaq.
Müzakirə yekunlaşdıqdan sonra  qanun layihəsi öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyuldu və ikinci oxunuşda qəbul edildi.
Plenar iclasın yekununda Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsini təqdim etdi. Bildirildi ki, 4 fəsil 17 maddədən  ibarət yeni qanun Azərbaycanın bu günü və gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edir. Hazırda ölkəmizdə 17 kabel televiziyası mövcuddur. Birinci oxunuşda müzakirəyə çıxarılan bu sənəd Azərbaycanda kabel televiziyası şəbəkəsi yayımının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Fikir mübadiləsində qanunun vacibliyi qeyd olundu, təkliflər diqqətə çatdırıldı. Sənəd səsə qoyuldu və konseptual baxımdan birinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

 

Milli Məclisin

Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi