AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

16/05/17

Mayın 16-da  Milli Məclisin Aqrar  siyasət  komitəsinin  növbəti  iclası  keçirildi. İclası açan komitə  sədri  Eldar İbrahimov  Torpaq  Məcəlləsində  dəyişikliklər  edilməsi  barədə sənədin müzakirə olunacağını  diqqətə çatdırdı.
Komitə  sədri  bildirdi ki,  qanun layihəsi  ölkə  Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü  qaydasında Milli  Məclisə  təqdim edilib və   turizmin inkişafı ilə  bağlı  qanunvericiliyə uyğunlaşdırmağa xidmət edir.  Belə ki,  sənəd   dövlət başçısının “Azərbaycanda  turizmin inkişafı ilə bağlı  əlavə  tədbirlər  haqqında” 2016-cı il 1  sentyabr  tarixli  və “Azərbaycanda  çimərlik  turizminin inkişafına dair  2017-2020-ci illər  üçün Tədbirlər  Planı”nın təsdiq  edilməsi  haqqında”  30 mart 2017-ci il  tarixli  sərəncamlarının icrasını  təmin etmək  məqsədi ilə hazırlanıb.
Milli Məclis Aparatının  İqtisadi  qanunvericilik  şöbəsinin müdir  müavini-Aqrar  qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə  sənəddə  aparılan  dəyişiklikləri  ətraflı şərh  etdi. Bildirildi ki, qeyri-neft sektorunun prioritet sahələrindən olan turizmdə görülmüş məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə bu sektorun inkişafı üçün münbit şərait yaradılmış və milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir.  Ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən xidmətin formalaşdırılması, bu sahədə qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə tədbirlər həyata  keçirilir.  Buna  görə də Torpaq Məcəlləsinin dövlətin torpaq üzərində mülkiyyət hüququndan bəhs edən 46-cı maddəsində müvafiq dəyişiklik edilməsi təklif olunur. Layihədə təklif olunur ki, “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq” sözləri “ictimai cimərliklərdə” sözləri ilə əvəz edilsin. Bu dəyişikliyi etməklə həmin müddəa təkmilləşdirilir, dəqiqləşdirilir, ictimai cimərliklərin hüquqi aktların tələblərinə və normalara uyğun olaraq yaradılması təklif edilir.
Qeyd  olundu ki, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri əsasən istirahət və turizm məqsədi ilə, xüsusi ilə çimərlik kimi istifadə edilir. Buna  görə də dəyişikliyin mühüm praktik əhəmiyyəti olacaq, əhalinin çimərliklərdən istifadə imkanları artacaq.
Layihə ilə əlaqədar çıxış edən komitə  üzvləri  dəyişiklikləri  razılıqla  qarşıladılar və sənəd  yekdilliklə Milli Məclisin plenar  iclasına  tövsiyə olundu.

Milli Məclisin
Mətbuat  xidməti
 

 

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi