REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

21/04/17

Aprelin 21-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclasda “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik müzakirə olunub.
Komitənin sədri Arif Rəhimzadə  iclası açaraq “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunun birinci oxunuşda müzakirələri zamanı deputatların səsləndirdikləri təkliflər barədə danışdı. O, bildirdi ki, qanun layihəsi bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanunun məqsədi yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, bu sahədə korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, bu orqanların fəaliyyətinin qiymətləndirilməsi zamanı vətəndaşların təsir imkanlarının genişləndirilməsindən ibarətdir. 
Qeyd edildi ki, bələdiyyə üzvləri peşəkarlıq və fərdi məsuliyyətin artırılması, loyallıq, insan hüquq və azadlıqlarına, şəxslərin qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət etmək, mədəni davranmaq, qərəzsiz olmaq kimi etik davranış qaydalarına riayət etməlidirlər. Burada eyni zamanda maddi və       qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməmək, korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, əmlakdan və maliyyə vəsaitlərindən qənaətlə və səmərəli istifadə, ictimai və siyasi fəaliyyətlə bağlı qaydalar əks olunub. Diqqətə çatdırıldı ki, etik davranış qaydalarına əməl olunmasına bələdiyyə sədri nəzarət edir.
Qanuna görə, etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü intizam məsuliyyətinə cəlb edilir. İntizam məsuliyyəti bələdiyyə iclasının qərarı əsasında xəbərdarlıq və töhmət şəklində tətbiq edilir.
Müzakirələrdə çıxış edən komitənin sədr müavini Fəttah Heydərov, deputatlar Fəzail İbrahimli, Kamran Bayramov, Tahir Rzayev, Qənirə Paşayeva qanun layihəsini yüksək qiymətləndirdilər, qeyd və təkliflərini verdilər.
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik barədə məlumat verən Arif Rəhimzadə diqqətə çatdırdı ki, təklif olunan dəyişikliyin  əsas mahiyyəti ondan ibarətdir ki, 9.1.1-ci maddədə “küçə” sözü “açıq məkanda” ifadəsi ilə əvəz edilir. Yeni redaksiyada bu maddə “açıq məkanda (bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə) reklam yayımına görə ödənilən haqq” kimi səslənir. Qeyd edildi ki, dəyişiklik 2015-ci il 15 may tarixli “Reklam haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə təklif edilir.
İclasda Prezident Administrasiyasının, Ədliyyə Nazirliyinin nümayəndələri, rayon və şəhər bələdiyyələrinin sədrləri iştirak edirdilər.
Tədbirin sonunda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.                     

                         
  Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi