13.02.2018 “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

1001-VQD

“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq  q ə r a r a    a l ı r :

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962; Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 884-VQD nömrəli və 15 dekabr tarixli 919-VQD nömrəli qanunları) 2-ci maddəsində “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissədən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı.”.

Maddə 2. “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 fevral 2018-ci il
№ 1001-VQD

 

 

Azərbaycan Respublikasının
2018-ci il 13 fevral tarixli
1001-VQD nömrəli Qanunu ilə təsdiq edilmişdir


“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə”
Azərbaycan Respublikasının medalı haqqında

Ə S A S N A M Ə

Maddə 1. Təltif edilən şəxslər
“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan
“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası
“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

 


Azərbaycan Respublikasının
2018-ci il 13 fevral tarixli
1001-VQD nömrəli Qanunu ilə təsdiq edilmişdir


“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə”
Azərbaycan Respublikası medalının

TƏSVİRİ

Maddə 1. Medalın ümumi təsviri
“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi metal lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi
Medalın ön tərəfinin mərkəzində hər iki tərəfdən çevrə boyunca palıd yarpaqları ilə haşiyələnmiş nişangah, nişangahın üzərində iki çarpaz qılınc, qılıncların yuxarı iti ucları arasında təyyarə qanadları, təyyarə qanadlarının mərkəzində paraşüt, qılıncların kəsişmə nöqtəsindən aşağıda gəmi lövbəri təsvir edilmiş kompozisiya həkk olunur. Aşağı hissədə səkkizguşəli ulduz həkk olunmaqla soldan sağa doğru qövs boyunca “HƏRBİ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ” sözləri yazılır. Bütün yazılar və təsvirlər qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi
Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində medalın seriyası və nömrəsi həkk olunur.

Maddə 4. Medalın elementləri
4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı lövhəyə ilgək və iki halqa vasitəsilə birləşdirilir. Lövhəyə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində qızılı, 3 mm enində tünd zeytun və 5 mm enində ağ rəngli şaquli zolaqlar, mərkəzində isə 19 mm enində tünd zeytun rəngli şaquli zolaq təsvir edilmiş xara lent çəkilmişdir. Lövhənin ön tərəfinin yuxarı hissəsində 37 mm x 5 mm ölçüdə üzərində relyefli palıd yarpaqları təsviri olan düzbucaqlı lövhə bərkidilmiş, aşağı hissəsində isə lövhənin mərkəzində relyefli aypara və səkkizguşəli ulduz təsvir edilmişdir.
4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi