30.06.2017 “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

760-VQD

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə
əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq q ə r a r a   a l ı r :

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27) 2-ci maddəsinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı;”.
Maddə 2. “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 iyun 2017-ci il
№ 760-VQD


Azərbaycan Respublikasının 2017-ci il
30 iyun tarixli 760-VQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir

 

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)”
Azərbaycan Respublikasının yubiley medalı haqqında

ƏSASNAMƏ

Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il iyunun 26-dək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış, habelə Azərbaycan Ordusundan ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Ordusunun qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları təltif edilirlər.

Maddə 2. Təltif edən orqan
“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası
“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

 

 

Azərbaycan Respublikasının 2017-ci il
30 iyun tarixli 760-VQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir

 

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)”
Azərbaycan Respublikasının yubiley medalının təsviri


Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, 37 mm x 50mm ölçüdə düzbucaqlı və ona halqa və ilgək vasitəsi ilə birləşdirilmiş diametri 37 mm, şuaları olan səkkizguşəli lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfində səkkizguşəli lövhənin üzərinə iki tərəfdən konturlanmış çevrəsi olan, səthi çevrə boyunca Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mina ilə örtülmüş lövhə yerləşdirilmişdir.
2.2. Medalın mərkəzi çevrəsinin yuxarı hissəsində qövs boyunca “AZƏRBAYCAN”, aşağı hissəsində “ORDUSU” sözləri yazılmış, kənarlarında sol tərəfdə “1918”, sağ tərəfdə isə “2018” rəqəmləri təsvir edilmişdir.
2.3. Çevrənin mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin emblemi həkk edilmişdir. Medalın mərkəzindən aşağıda emblemin alt tərəfində “100 il” yazılmışdır.
2.4. Səkkizguşəli ulduz və onun şuaları, çevrənin konturları, emblem, sözlər və rəqəmlər relyefli olaraq, qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfi hamar səthlidir, ortada “AZƏRBAYCAN ORDUSUNUN 100 İLLİYİ 1918-2018” sözləri və rəqəmləri relyefli yazılmışdır.
3.2. Medalın arxa tərəfinin aşağı hissəsində səkkizguşəli ulduz relyefli təsvir edilmişdir.

Maddə 4. Medalın elementləri
4.1. Medalın paltara bərkidilmək üçün 37 mm x 50 mm ölçüdə düzbucaqlı elementi var.
4.2. Elementin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə düzbucaqlı lövhə bərkidilmişdir. Lövhənin üzərində relyefli palıd yarpaqları təsvir edilmişdir.
4.3. Elementin aşağı hissəsinə 40 mm x 9 mm ölçüdə beşbucaqlı lövhə bərkidilmişdir. Lövhənin mərkəzində relyefli aypara və ulduz təsvir edilmişdir.
4.4. Elementin üzərinə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində qızılı, 9 mm enində tünd yaşıl, 1 mm enində ağ və mərkəzdə hər birinin eni 5 mm olan Azərbaycan Respublikasının Dövlət bayrağı rənglərində şaquli zolaqlar təsvir edilmiş xara lent çəkilmişdir.
4.5. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.


 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi