27.06.2019 "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında

Birinci  oxunuş

 Layihə


"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 72; 2013, № 7, maddə 789; 2014, № 10, maddə 1160; 2016, № 3, maddə 407, № 4, maddə 641; 2017, № 12 (I kitab), maddə 2228; 2018, № 5, maddə 844, № 6, maddə 1171; 2019, № 1, maddə 32; Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1586-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.  1.0.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.7-1.0.9-cu maddələr əlavə edilsin:

"1.0.7. kapital - BOKT-nin balansı üzrə kapital elementlərinin məcmusu olmaqla nizamnamə (şərikli) kapitalının (əmlak haqları) və bölüşdürülməmiş mənfəətinin (mənfəətdən vergilər və başqa dövlət ödənişləri aparıldıqdan sonra qalan məbləğ), kapital ehtiyatının, qrant və ianələrin (müqavilə şərtlərinə əsasən nağd vəsait formasında verilmiş və BOKT-nin sərəncamında qalan) cəmi və onlardan tutulmaların fərqi;

1.0.8. vətəndaş qüsursuzluğu - qəsdən törədilmiş cinayətlərə görə məhkumluğun olmaması, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması;

1.0.9. mühüm iştirak payı - nizamnamə kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblik.".

2. 8.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"8.3. BOKT-nin inzibatçısı vətəndaş qüsursuzluğuna malik olmalıdır.".

3. Aşağıdakı məzmunda 8.4-cü maddə əlavə edilsin:

"8.4.  BOKT-nin inzibatçıları maliyyə bazarlarına nəzarət orqanında attestasiyadan keçirlər. Bu təyinatlara maliyyə bazarlarına nəzarət orqanının müsbət rəyi alındıqdan sonra həmin inzibatçılar öz vəzifələrinin icrasına başlayırlar. Attestasiyanın keçirilməsi qaydalarını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir.".

4.  Aşağıdakı məzmunda 8-1-ci maddə əlavə edilsin.

"Maddə 8-1. BOKT-nin təsisçilərinə dair tələblər

8-1.0. Aşağıdakı şəxslər BOKT-nin təsisçisi ola bilməz:

8-1.0.1. vətəndaş qüsursuzluğu tələblərinə uyğun gəlməyən fiziki şəxslər;

8-1.0.2. siyahısı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyənləşdirilən offşor zonalarda qeydə alınmış əcnəbilər və xarici hüquqi şəxslər.".

5.  Aşağıdakı məzmunda 11.1.1-1-11.1.1-6-cı maddələr əlavə edilsin:

"11.1.1-1. təsisçi hüquqi şəxs olduqda - hüquqi şəxsin adı, ünvanı, son maliyyə ilini əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri, həmin hüquqi şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarı,  icra orqanının üzvlərinin siyahısı (təkbaşına icra orqanı olduqda, onun rəhbəri) və hər bir üzv tərəfindən imzalanmış vətəndaş qüsursuzluğuna dair ərizə;

11.1.1-2. təsisçi Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış xarici hüquqi şəxs olduqda - bu Qanunun 11.1.1-1-ci maddəsində nəzərdə tutulan sənədlərdən başqa, onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənədin, nizamnamənin (əsasnamənin), sonuncu maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatının və auditor rəyinin, rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayışın, şəxs xarici bank və ya BOKT olduqda, əlavə olaraq, bankın və ya BOKT-nin yerləşdiyi ölkənin nəzarət orqanı tərəfindən verilmiş və bankın və ya BOKT-nin bu ölkədə müvafiq fəaliyyəti həyata keçirmək üçün lisenziyasının olduğunu (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda) təsdiqləyən arayışın leqallaşdırılmış və ya apostil verilmiş surəti;

11.1.1-3. təsisçi fiziki şəxs olduqda - onun soyadını, adını, atasının adını, vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədin surəti, məşğuliyyət növünü göstərən məlumat və sənədlər, onun payçısı və ya səhmdarı olduğu hüquqi şəxslər barədə məlumat, tərəfindən imzalanmış vətəndaş qüsursuzluğuna dair ərizə;

11.1.1-4. təsisçi fiziki şəxs əcnəbi olduqda, bu Qanunun 11.1.1-3-cü maddəsində göstərilən məlumat və sənədlərdən başqa, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayışın leqallaşdırılmış və ya apostil verilmiş surəti,  bir və ya bir neçə maliyyə təşkilatının müsbət tövsiyələri və  bank hesablarından çıxarışlar;

11.1.1-5. təsisçilərin bankların, BOKT-lərin və ya başqa hüquqi şəxslərin nizamnamə kapitalında mühüm iştirak paylarının miqdarı haqqında məlumat;

11.1.1-6. bankların, BOKT-lərin və başqa hüquqi şəxslərin hüquqi şəxs olan təsisçinin nizamnamə kapitalında mühüm iştirak paylarının miqdarı haqqında məlumat;".

6. 11.1.4-cü maddə ləğv edilsin.

7. 11.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

"11.1.6. kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati strukturunu, o cümlədən daxili nəzarət sistemini və ilk üç il üçün maliyyə proqnozlarını (balans, mənfəət və zərər haqqında hesabatı), habelə kredit siyasətinin əsas göstəricilərini (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditlərin verilməsi müddətləri, faiz dərəcələri və s.) özündə əks etdirən biznes-plan;".

8. Aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilsin:

"Maddə 13-1. BOKT-nin nizamnamə kapitalında mühüm iştirak paylarının məhdudlaşdırılması

13-1.1. Hər hansı bir şəxs BOKT-nin nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq səsvermə hüququ olan iştirak paylarının və ya nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə, yaxud BOKT-nin həmin şəxsin törəmə strukturuna çevrilməsinə gətirib çıxaran iştirak payını bu maddə ilə müəyyən edilmiş qaydada əldə edə bilər.

13-1.2. BOKT kapitalında mühüm iştirak payı olan şəxsin başqa hüquqi şəxsin kapitalında mühüm iştirak payını əldə etməsi və ya artırması barədə xəbər tutduqdan sonra dərhal bu barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı bildiriş göndərməlidir.

13-1.3. BOKT kapitalında mühüm iştirak payı olan hüquqi şəxsin kapitalında hər hansı şəxsin mühüm iştirak payını əldə etməsi və ya artırması barədə xəbər tutduqdan sonra dərhal bu barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı bildiriş göndərməlidir.

13-1.4. Bu Qanunun 13-1.1-ci maddəsində nəzərdə tutulan iştirak payının alınması üçün BOKT-nin səlahiyyətli idarəetmə orqanı müraciəti və qərarı ilə birlikdə aşağıdakı sənədləri maliyyə bazarlarına nəzarət orqanına təqdim edir:

13-1.4.1. həmin sahib hüquqi şəxs olduqda:

13-1.4.1.1. hüquqi şəxsin adı, ünvanı, son maliyyə ilini  əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarı;

13-1.4.1.2. həmin hüquqi şəxsin icra orqanının üzvlərinin siyahısı (təkbaşına icra orqanı olduqda, onun rəhbəri) və hər bir üzv tərəfindən imzalanmış vətəndaş qüsursuzluğuna dair ərizə;

13-1.4.1.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış xarici hüquqi şəxs əlavə olaraq, onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənədin, nizamnaməsinin (əsasnaməsinin), sonuncu maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatının və auditor rəyinin, rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayışın, şəxs xarici bank və ya BOKT olduqda, həmçinin bankın və ya BOKT-nin yerləşdiyi ölkənin nəzarət orqanı tərəfindən verilmiş və bankın və ya BOKT-nin bu ölkədə müvafiq fəaliyyəti həyata keçirmək üçün lisenziyasının olduğunu (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda) təsdiqləyən arayışın leqallaşdırılmış və ya apostil verilmiş surəti;

13-1.4.1.4. bankların, BOKT-lərin və başqa hüquqi şəxslərin həmin şəxsin kapitalında mühüm iştirak paylarının miqdarı haqqında məlumat;

13-1.4.2. həmin sahib fiziki şəxs olduqda:

13-1.4.2.1. soyadını, adını, atasının adını, vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədin surəti, məşğuliyyət növünü göstərən məlumat və sənədlər, onun payçısı və ya səhmdarı olduğu hüquqi şəxslər və onların məşğuliyyət növü barədə məlumatlar, tərəfindən imzalanmış  vətəndaş qüsursuzluğuna dair ərizə;

13-1.4.2.2. fiziki şəxs əcnəbi olduqda, bu Qanunun 13-1.4.2.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən başqa, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayışın leqallaşdırılmış və ya apostil verilmiş surəti,  bir və ya bir neçə maliyyə təşkilatının müsbət tövsiyələri və  bank hesablarından çıxarışlar;

13-1.4.3. həmin şəxsin bankların, BOKT-lərin və ya başqa hüquqi şəxslərin kapitalında mühüm iştirak paylarının miqdarı haqqında məlumat.

13-1.5. Maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun 13-1.4-cü maddəsinə uyğun verilmiş ərizəyə ən geci 30 (otuz) təqvim günü müddətində baxır. Həmin müddət ərzində maliyyə bazarlarına nəzarət orqanı ərizəyə dair münasibətini BOKT-yə yazılı surətdə bildirməzsə, ərizəyə müsbət baxılmış hesab edilir. Maliyyə bazarlarına nəzarət orqanı icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:

13-1.5.1. bu Qanunun 13-1.4-cü maddəsində nəzərdə tutulan sənədlər və məlumatlar tam təqdim olunmadıqda;

13-1.5.2. icazə almaq üçün ərizə verilərkən təqdim edilmiş sənədlər və məlumatların yanlış olduğu müəyyənləşdirildikdə;

13-1.5.3. hüquqi şəxsin icra orqanının üzvləri (təkbaşına icra orqanı olduqda, onun rəhbəri) vətəndaş qüsursuzluğuna malik olmadıqda;

13-1.5.4. bu Qanunun 13-1.4.2-ci maddəsində nəzərdə tutulan fiziki şəxs vətəndaş qüsursuzluğuna malik olmadıqda;

13-1.5.5. mühüm iştirak payını əldə edən hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda;

13-1.5.6. iştirak payının əldə edilməsi nəticəsində BOKT ilə bağlı olacaq xarici banka və ya BOKT-yə onların yerləşdiyi ölkədə lazımınca nəzarət edilmədiyinə və ya həmin ölkənin nəzarət orqanları qarşılıqlı əməkdaşlıqdan imtina etdiyinə görə maliyyə bazarlarına nəzarət orqanının və Azərbaycan Respublikasının Mərkəzi Bankının öz nəzarət funksiyalarını həyata keçirməsi mümkün olmadıqda.

13-1.6. Bu Qanunun 13-1.5.1-ci və 13-1.5.2-ci maddələrində nəzərdə tutulan hallarda, maliyyə bazarlarına nəzarət orqanı 10 (on) iş günü ərzində sənədlərin və məlumatların tam həcmdə təqdim edilməsini və ya dəqiqləşdirilməsini tələb edir. Bu tələb yerinə yetirilmədikdə, bu Qanunun 13-1.1-ci maddəsində nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazənin verilməsindən maliyyə bazarlarına nəzarət orqanı imtina edir.

13-1.7. Maliyyə bazarlarına nəzarət orqanının verdiyi icazədə iştirak payının əldə edilməsinin başa çatmalı olduğu maksimum müddət göstərilir.

13-1.8. Qabaqcadan icazəsi olmadan hər hansı bir şəxs belə iştirak payı əldə edərsə, maliyyə bazarlarına nəzarət orqanı həmin şəxsə şəxsin BOKT-dəki payının icazəsiz aldığı hissəsinin maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edildiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir. Mühüm iştirak payının əldə edilməsi üçün bu Qanunun 13-1.7-ci maddəsi ilə müəyyən edilmiş maksimum müddətlərə riayət edilməzsə, maliyyə bazarlarına nəzarət orqanı həmin şəxsə müddət bitdikdən sonra aldığı hissəsini müəyyən etdiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir. Həmin şəxslərin ləğv olunmalı hissədə səsvermə hüququ səhmdarların ümumi yığıncağının iclaslarında nəzərə alınmır.

13-1.9. BOKT-nin kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və ya nizamnamə kapitalındakı payını 20 faizdən, 33 faizdən və ya 50 faizdən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat verməlidir.

13-1.10. BOKT-lər onların kapitalında payların bu Qanunun 13-1.1-ci və ya 13-1.9-cu maddələrində göstərilmiş kəmiyyətlərdən az və ya çox olmasına səbəb olan hər hansı pay əldə edilməsi və ya ləğv edilməsi barədə xəbər tutduqdan sonra dərhal  bu barədə maliyyə bazarlarına nəzarət orqanına məlumat verməlidirlər. BOKT-lər həmçinin mühüm iştirak paylarına malik olan iştirakçılar, onların ünvanları, həmin payların miqdarı haqqında məlumatları ildə iki dəfədən az olmayaraq maliyyə bazarlarına nəzarət orqanına yazılı şəkildə bildirməlidirlər.

13-1.11. Maliyyə bazarlarına nəzarət orqanı aşağıdakı halları aşkar etdikdə BOKT-nin kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya BOKT tərəfindən geri alınması barədə məhkəməyə ərizə ilə müraciət edir:

13-1.11.1. hüquqi şəxsin icra orqanlarının üzvləri (təkbaşına icra orqanı olduqda, onun rəhbəri) və ya bu Qanunun 13-1.4.2-ci maddəsində nəzərdə tutulan fiziki şəxs vətəndaş qüsursuzluğuna malik olmadıqda;

13-1.11.2. BOKT-nin maliyyə sağlamlığına və ya onun etibarlı idarə olunmasına təhlükə törədə bilən dərəcədə BOKT-yə təsir göstərildikdə;

13-1.11.3. xarici bankın və ya BOKT-nin bank lisenziyası ləğv edildikdə;

13-1.11.4. xarici bank və ya BOKT-nin yerləşdiyi ölkədə həmin ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən onlara lazımınca nəzarət həyata keçirilmədikdə və ya onlar bu sahədə maliyyə bazarlarına nəzarət orqanı ilə qarşılıqlı əməkdaşlıqdan imtina etdikdə.

13-1.12. Bu Qanunun 13-1.11-ci maddəsinə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanının verdiyi ərizəyə məhkəmə ən geci 30 (otuz) təqvim günü müddətində baxır.".

9. 15.6-cı maddədən "hesab açdıqda və ya" sözləri çıxarılsın.

10.  19-cu maddə üzrə:

10.1. 19.1-ci maddədə "nəzarət orqanı" sözlərindən sonra "bu Qanunun 19.1-1-ci maddəsində nəzərdə tutulan prudensial normativ və tələblərlə yanaşı, əlavə olaraq" sözləri əlavə edilsin;

10.2. 19.1.4-cü maddədə "təsnifatından " sözündən sonra "və" sözü  əlavə edilsin;

10.3. aşağıdakı məzmunda 19.1-1-ci maddə əlavə edilsin:

"19.1-1. BOKT-nin maliyyə sabitliyini təmin etmək məqsədilə maliyyə bazarlarına nəzarət orqanı BOKT-nin fəaliyyətinə dair aşağıdakı prudensial normativləri və tələbləri müəyyən edir:

19.1-1.1. BOKT-nin kapitalının onun aktivlərinə nisbəti  (kapital adekvatlığı əmsalı);

19.1-1.2. BOKT-nin öhdəliklərinin onun kapitalına nisbəti  (leverec əmsalı);

19.1-1.3. kreditlərin verilməsi qaydası;

19.1-1.4. prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası;

19.1-1.5. kapitala dair tələblər.".

11.  Aşağıdakı məzmunda 20.5-ci və 20.6-cı maddələr əlavə edilsin:

"20.5. BOKT-nin kənar auditi eyni auditor tərəfindən ardıcıl olaraq 3 ildən çox keçirilə bilməz.

20.6. Bu Qanunun 20.5-ci maddəsinin tələbi pozulduqda, maliyyə bazarlarına nəzarət orqanı BOKT-dən kənar auditorun dəyişdirilməsini və BOKT-nin öz vəsaiti hesabına təkrar auditin aparılmasını tələb edir.".

12.  24-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 24. BOKT-yə təsir tədbirləri

24.1. Hesabatların təhlili və ya yoxlama nəticəsində bu Qanunun və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halları aşkara çıxarıldıqda və ya bu cür pozuntulara səbəb ola biləcək faktlar müəyyən edildikdə, habelə istehlakçıların və investorların hüquqları pozulduqda, pozuntunun xarakterindən asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının BOKT-yə aşağıda göstərilən təsir tədbirlərini tətbiq etmək hüququ vardır:

24.1.1. pozuntuların aradan qaldırılması haqqında BOKT-dən öhdəlik məktubu tələb etmək;

24.1.2. BOKT-yə icrası məcburi olan göstərişlər vermək.

24.2. BOKT-nin fəaliyyətində pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması üçün bu Qanunun 24.1.1-ci maddəsinə əsasən pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması haqqında maliyyə bazarlarına nəzarət orqanı tərəfindən BOKT-dən öhdəlik məktubu tələb edilir. BOKT-nin maliyyə bazarlarına nəzarət orqanına təqdim etdiyi məktubda pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması üçün BOKT tərəfindən görüləcək tədbirlər və onların həyata keçirilməsi müddətləri göstərilir.

24.3. BOKT-nin fəaliyyətində aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün bu Qanunun 24.1.2-ci maddəsinə əsasən maliyyə bazarlarına nəzarət orqanının BOKT-yə icrası məcburi olan göstərişində bu Qanunun 24-1-ci maddəsində göstərilmiş nəzarət tədbirlərinin həyata keçirilməsi və çatışmazlıqların təxirəsalınmadan aradan qaldırılması barədə BOKT-yə yazılı göstəriş verilir.

24.4. Maliyyə bazarlarına nəzarət orqanının icrası məcburi olan göstərişindən məhkəmə qaydasında şikayət verilməsi həmin sərəncamın icrasını dayandırmır.

24.5. BOKT bu Qanunun 24.1-ci, 24.2-ci və 24.3-cü maddələrində göstərilmiş müvafiq öhdəlik məktubunun və icrası məcburi göstərişin icrası barədə həmin sənədlərdə göstərilmiş müddətdə maliyyə bazarlarına nəzarət orqanına məlumat verməlidir.".

13. Aşağıdakı məzmunda 24-1-ci maddə əlavə edilsin:

"Maddə 24-1. BOKT-yə nəzarət tədbirləri

24-1.1. Maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun 24-cü maddəsinə müvafiq olaraq, BOKT-yə aşağıdakı nəzarət tədbirlərini tətbiq edə bilər:

24-1.1.1. fəaliyyətinin ayrı-ayrı növlərinin həyata keçirilməsinin məhdudlaşdırılması və ya dayandırılması;

24-1.1.2. inzibatçıların vəzifəsindən müvəqqəti kənarlaşdırılması;

24-1.1.3. digər hüquqi şəxslərin kapitalında payların alınmasının məhdudlaşdırılması və ya dayandırılması;

24-1.1.4. yeni filialların açılmasının məhdudlaşdırılması və ya fəaliyyət göstərən filialların işinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi;

24-1.1.5. kredit verilməsi qaydasının və şərtlərinin dəyişdirilməsi;

24-1.1.6. dividendlərin ödənilməsinin məhdudlaşdırılması və ya dayandırılması;

24-1.1.7. maliyyələşmə mənbələrinin məhdudlaşdırılması və ya dayandırılması;

24-1.1.8. BOKT-nin fəaliyyətinin və daxili nəzarətinin həyata keçirilməsi qaydasında dəyişikliklər edilməsi.

24-1.2. Bu Qanunun 24-1.1-ci maddəsində göstərilən nəzarət tədbirləri ayrılıqda və ya bir neçəsi eyni zamanda tətbiq edilir.".

14. 25.1.3-cü maddədə "başlamadıqda" sözündən sonra "və ya fəaliyyətini on iki ay müddətinə dayandırdığı müəyyən edildikdə" sözləri əlavə edilsin.

15. Aşağıdakı məzmunda 25.1.4-1-ci, 25.1.5-1-ci və 25.1.5-2-ci maddələr əlavə edilsin:

"25.1.4-1. BOKT bu Qanunun 24-cü və 24-1-ci maddələrində nəzərdə tutulan təsir və nəzarət tədbirlərindən biri və ya bir neçəsini icra etmədikdə;

25.1.5-1. BOKT kənar auditor tərəfindən təsdiqlənmiş illik maliyyə hesabatını maliyyə bazarlarına nəzarət orqanına bu Qanunun 20.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə;

25.1.5-2. BOKT bu Qanunun 9-cu maddəsinin tələblərini pozduqda;".

16. 25.4-cü maddədə "Azərbaycan Respublikasının Mülki Məcəlləsində" sözləri "bu Qanunun 25-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59-63-cü maddələrində" sözləri ilə əvəz edilsin.

17. Aşağıdakı redaksiyada 25-2-ci maddə əlavə edilsin:

"Maddə 25-2. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici)

25-2.1. Məhkəmə BOKT-nin ləğv edilməsi və ya müflis elan olunmasına dair qərarı ilə maliyyə bazarlarına nəzarət orqanının təqdimatı əsasında BOKT-yə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edir.

25-2.2. Məhkəmənin qərarında ləğvetmə komissiyasının üzvlərinin (təsviyəçinin, ləğvedicinin) xidmət və ya əmək haqqının miqdarı göstərilməlidir. Ləğvetmə komissiyasının üzvlərinin (təsviyəçinin, ləğvedicinin) xidmət və ya əmək haqqı maliyyə bazarlarına nəzarət orqanının təklifi əsasında təyin edilir.

25-2.3. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) (hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri) bu Qanunla BOKT-nin inzibatçılarına aid edilən tələblərə cavab verməlidir.

25-2.4. BOKT-yə aidiyyəti olan şəxslər, habelə BOKT-nin kreditorları və borcluları (maliyyə bazarlarına nəzarət orqanı istisna olmaqla) BOKT-yə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qismində təyin oluna bilməzlər.

25-2.5. BOKT-nin iflası və ya ləğvi dövründə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) öz fəaliyyəti haqqında maliyyə bazarlarına nəzarət orqanına onun müəyyənləşdirdiyi formada və müddətlərdə hesabat verir, habelə maliyyə bazarlarına nəzarət orqanının tələb etdiyi sənədləri və informasiyanı təqdim edir.

25-2.6. Maliyyə bazarlarına nəzarət orqanı ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) fəaliyyətində pozuntular aşkar etdikdə həmin ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) dəyişdirilməsi barədə məhkəməyə müraciət edir.".


Azərbaycan Respublikasının Prezidenti




Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi