16.05.2017 Kabel şəbəkəsi yayımı haqqında

Layihə

Kabel şəbəkəsi yayımı haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə uyğun olaraq, kabel televiziyası şəbəkəsi yayımının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunun məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. abonent şəbəkəsi - abonentə onun yaşayış və qeyri-yaşayış sahələrində kabel şəbəkəsi yayımı xidmətini göstərən kabel paylayıcı şəbəkə; 
1.0.2. abonent qurğusu - kabel şəbəkəsi siqnalını qəbul etmək və ya ötürmək üçün istifadə edilən, abonentin mülkiyyətində olan və ya ona müvəqqəti istifadə üçün verilmiş otaqdaxili texniki vasitələr;
1.0.3. kabel televiziyası şəbəkəsi (bundan sonra - kabel şəbəkəsi) - müəyyən ərazidə abonentlərə kabel, efir-kabel, digər rabitə xətləri və ya internet vasitəsilə kabel televiziyası xidmətini göstərmək imkanı olan texnoloji sistem;
1.0.4. kabel şəbəkəsi yayımçısı (bundan sonra - yayımçı) - lisenziya əsasında fəaliyyət göstərən, mövcud teleradio proqramlarını dəyişdirmədən, kabel, efir-kabel, internet və ya digər telekommunikasiya xətləri vasitəsilə yayımlayan və ya yayımlanmasını müqavilə əsasında operatora həvalə edən fiziki və ya hüquqi şəxs;
1.0.5. kabel şəbəkəsi abonenti (bundan sonra - abonent) -yayımçı ilə xidmətin göstərilməsi üçün müqavilə bağlamış kabel şəbəkəsi istifadəçisi;
1.0.6. kabel şəbəkəsi operatoru (bundan sonra - operator) -yayımçı ilə bağlanılmış müqavilə əsasında kabel şəbəkəsi yayımının texniki təminatını (ötürülməsini) həyata keçirən hüquqi və ya fiziki şəxs;
1.0.7. kabel şəbəkəsi yayımı - teleradio proqramlarının, habelə rəqəmlər, hərflər, qrafiklər formasında olan təsvirlərin məzmununun dəyişdirilmədən kabel,  efir-kabel, internet  və digər növ telekommunikasiya xətləri vasitəsilə yayımlanması;
1.0.8. proqram paketi (bundan sonra - paket) - müqavilə əsasında yayımçının abonentlərə təklif etdiyi teleradio proqramlarının məcmusu.

Maddə 2. Qanunun məqsədi

2.1. Bu Qanunun məqsədi Azərbaycan Respublikasının ərazisində kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaqdan, kabel şəbəkəsi yayımı xidmətindən istifadə edən abonentlərin və bu fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin maraqlarını müdafiə etməkdən, kabel şəbəkəsi yayımı sahəsinin inkişafı üçün əlverişli mühit formalaşdırmaqdan ibarətdir.
2.2. Bu Qanun ümumistifadəli telekommunikasiya şəbəkələrinə qoşulmayan istehsalat, texnoloji və tədqiqat məqsədləri üçün işlədilən kabel şəbəkəsi yayımına şamil edilmir.

Maddə 3. Kabel şəbəkəsi yayımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

3.1. Kabel şəbəkəsi yayımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, "Televiziya və radio yayımı haqqında", "Telekommunikasiya  haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan və Azərbaycan Respublikasının kabel şəbəkəsi yayımı sahəsində münasibətləri nəzərdə tutan digər qanunvericilik aktlarından ibarətdir.
3.2. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

2-ci fəsil
KABEL ŞƏBƏKƏSİ

Maddə 4. Kabel şəbəkəsinin təsnifatı

4.1. Kabel şəbəkəsi telekommunikasiya şəbəkəsidir.
4.2. Ötürülmə üsuluna görə kabel şəbəkəsi yayımı aşağıdakı kimi təsnifatlandırılır:
4.2.1. kabel televiziyası - formalaşdırılmış televiziya siqnallarını yalnız kabel vasitəsilə ötürən kabel şəbəkəsi;
4.2.2. İP televiziyası - formalaşdırılmış televiziya siqnallarının ötürülmə şəbəkəsində internet protokolu (İP) üzrə yayımı;
4.2.3. efir-kabel televiziyası - Azərbaycan Respublikasının radioxidmətləri arasında tezlik zolaqlarının ayrılması cədvəlində radioyayım üçün nəzərdə tutulmuş tezlik zolaqlarından istifadə istisna olmaqla, formalaşdırılmış televiziya siqnallarını efir və kabel xətləri vasitəsilə ötürən kabel şəbəkəsi yayımı.

Maddə 5. Kabel şəbəkəsinin digər şəbəkələrə qoşulması

5.1. Yayımçının siqnalın ötürülməsi məqsədi ilə digər telekommunikasıya şəbəkələrinə qoşulma hüququ vardır. Bu qoşulma qaydaları və şərtləri "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.
5.2. Kabel şəbəkəsinin digər telekommunikasıya şəbəkəsinə qoşulması və ondan istifadə edilməsi üçün ödənilən məbləğ yayımçı ilə operator arasında bağlanan müqavilə ilə müəyyən olunur.
5.3. Kabel şəbəkəsi yayımı üzrə keyfiyyətə yayımçı məsuliyyət daşıyır.
5.4. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan  abonentin yaşayış və qeyri-yaşayış sahələrində kabel şəbəkəsinə teleradio proqramlarında monitorinq məqsədli hər hansı müdaxilə qadağandır.

Maddə 6. Kabel şəbəkəsinə mülkiyyət hüququ

6.1. Azərbaycan Respublikasının ərazisində kabel şəbəkəsi Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının və (və ya) nizamnamə kapitalı Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan hüquqi şəxslərin, bələdiyyənin mülkiyyətində ola bilər.
6.2. Yayımçıya qoyulan tələblər "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Maddə 7. Kabel şəbəkəsində radiotezlikdən istifadənin tənzimlənməsi

7.1. Kabel şəbəkəsi yayımı sahəsində istifadə olunacaq tezlik kanallarının sayı müvafiq elektromaqnit uzlaşma nəzərə alınmaqla, yayımçı tərəfindən hesablanır.
7.2. Yayımçı lisenziyada göstərilən tezliklərdə yayımı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlayır və "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanuna uyqun olaraq radiotezlikdən istifadə üçün haqq ödəyir.
7.3. Kabel yayimi şəbəkəsində radiotezlikdən istifadə ilə bağlı haqq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş tariflərə əsasən ödənilir.

3-cü fəsil
KABEL ŞƏBƏKƏSİ YAYIMI SAHƏSİNDƏ FƏALİYYƏT

Maddə 8. Kabel şəbəkəsi yayımı sahəsində dövlətin vəzifələri

8.1. Kabel şəbəkəsi yayımı sahəsində dövlətin vəzifələri "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən vəzifələrlə yanaşı aşağıdakılardır:
8.1.1. kabel şəbəkəsi yayımı sahəsində dövlət siyasətini müəyyən etmək və onun həyata keçirilməsinə nəzarəti təmin etmək;
8.1.2. kabel şəbəkəsi yayımının hüquqi tənzimlənməsini təmin etmək;
8.1.3. efir-kabel tipli kabel şəbəkəsi yayımı sahəsində elektromaqnit uzlaşmasının təmin olunması ilə əlaqədar tənzimlənmə işlərini həyata keçirmək;
8.1.4. lisenziyaya əsasən radiotezliklərin ayrılmasını və bu radiotezliklərdən düzgün istifadəyə nəzarəti  təmin etmək.
8.2. Yayımçı ilə abonent arasında münasibətlər müqavilə ilə tənzimlənir. Müqavilənin standart şərtləri müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən olunur.
8.3. Kabel şəbəkəsi yayımı sahəsində fəaliyyəti tənzimləyən və bu fəaliyyətə nəzarəti həyata keçirən qurum "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.

Maddə 9. Kabel şəbəkəsi yayımının lisenziyalaşdırılması

9.1. Kabel şəbəkəsi yayımı lisenziya əsasında həyata keçirilir.
9.2. Kabel şəbəkəsi yayımına lisenziya verilməsi, lisenziya verilməsindən imtina, lisenziyanın dayandırılması və ləğvi bu Qanun,  "Televiziya və radio yayımı haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
9.3. Kabel şəbəkəsi yayımına lisenziyada kabel şəbəkəsinin tipi, kabel şəbəkəsində radiotezliklərdən istifadə barədə məlumat göstərilir.
9.4. Yayımçı dövlət ehtiyacları məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən teleradio yayımı üçün lisenziya verilmiş yayımçıların proqramlarını ödənişsiz yayımlamağa borcludur.

Maddə 10. Kabel şəbəkəsi avadanlığının uyğunluğunun təsdiqi

10.1. Kabel şəbəkəsi qurğularının müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə  uyğunluğunu müəyyən etmək məqsədi ilə kabel şəbəkəsinin bütün qurğuları akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar (hüquqi və ya fiziki şəxslər) tərəfindən qiymətləndirilir. Müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə  uyğun olmayan telekommunikasiya vasitələrinin və qurğularının kabel şəbəkəsində istismarına yol verilmir.
10.2. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

Maddə 11. Yayımçının fəaliyyəti

11.1. Yayımçı teleradio proqramlarının hər hansı kabel şəbəkəsi üzrə yayımını lisenziyada göstərilən ərazidə həyata keçirir.
11.2. Yayımçı dövlət maraqlarının qoruması məqsədi ilə kabel şəbəkəsi üzrə yayımlanması nəzərdə tutulan proqram paketini müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum ilə razılaşdırır.
11.3. Kabel şəbəkəsi yayımı üzrə mövcud teleradio proqramlarının yayımı həmin proqram yayımçısı ilə müqavilə bağlandıqdan sonra həyata keçirilir.
11.4. Xarici ölkələrin teleradio yayımçısı Azərbaycan Respublikasında fəaliyyət göstərən yayımçının proqram paketində yayımlanmaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə verilməyən hər hansı xarici telekanalın yayımına görə yayımçı məsuliyyət daşıyır.
11.5. Kabel şəbəkəsi ilə yayımlanan mövcud teleradio proqramlarının məzmununa yayımçı nəzarət edir. Teleradio proqramlarının  tərkibində  dövlətin  qanuni  maraqlarına toxunan, etnik, irqi və dini ayrı-seçkiliyi təbliğ edən və "Televiziya  və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan digər verilişlər və məlumatlar üçün proqramın sahibi (proqramın yayımçısı) məsuliyyət daşıyır. Yayımçı belə proqramların kabel şəbəkəsi ilə yayımını məhdudlaşdıra, dayandıra və ya yayım təşkilatı (proqramın yayımçısı) ilə bağladığı müqaviləni Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edə bilər.
11.6. Yayımçı digər yayımçıya (yayımçılara) onun fəaliyyətini təmin etmək üçün xidmət göstərə bilər.

Maddə 12. Yayımçının xidmətləri

12.1. Yayımçının xidmətlərinin növləri ona verilmiş lisenziya ilə müəyyən olunur.
12.2. Yayımçı öz texniki imkanları çərçivəsində  aşağıdakı xidmətləri göstərə bilər:
12.2.1.  mövcud  teleradio proqramlarının  kabel  şəbəkəsi üzrə yayımını;
12.2.2. teleradio proqramlarının digər kabel  şəbəkəsinə ötürülməsini;
12.2.3. kabel şəbəkəsinin abonent qurğularında təmir və rekonstruksiya işlərinin aparılmasını.

4-cü fəsil
KABEL ŞƏBƏKƏSİ YAYIMI SAHƏSİNDƏ QARŞILIQLI MÜNASİBƏTLƏR

Maddə 13.  Yayımçının hüquq və vəzifələri

13.1. Yayımçının aşağıdakı hüquqları vardır:
13.1.1. ona verilmiş lisenziya çərçivəsində abonentlərə müqavilə əsasında standartlara uyğun olan kabel şəbəkəsi yayımı xidmətləri göstərmək;
13.1.2. abonent müqavilə şərtlərini pozduqda, kabel şəbəkəsi yayımını dayandırmaq;
13.1.3. müəyyən səbəblərdən kabel şəbəkəsinin girişinə verilməli olan televiziya və radioyayım siqnallarının seçilmiş mənbədən daxil olması kəsildikdə, ona alternativ (analoq) olan mənbədən həmin siqnalların verilişini təmin etmək, bu mümkün olmadıqda abunəçiləri məlumatlandırmaqla, kabel şəbəkəsi yayımı xidmətlərini müvəqqəti dayandırmaq.
13.2. Yayımçılar hüquqlarını qorumaq üçün öz aralarında birləşərək ittifaq, birlik və ya assosiasiya yarada bilərlər.
13.3. Yayımçının aşağıdakı vəzifələri vardır:
13.3.1. kabel şəbəkəsi yayımını ona verilmiş lisenziya əsasında normativ hüquqi aktlara və standartlara uyğun olaraq təmin etmək;
13.3.2. teleradio proqramlarının tərkibində dövlət maraqlarına toxunan,  "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan digər verilişlər və məlumatlar olduqda, onların yayımını dayandırmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat vermək;
13.3.3. kabel şəbəkəsi yayımında baş vermiş nasazlığı abonentin bu barədə xəbər verdiyi andan 2 (iki) iş günü ərzində aradan qaldırmaq və kabel şəbəkəsi yayımından açılmış abonenti dərhal yenidən şəbəkəyə qoşmaq;
13.3.4. kabel şəbəkəsi yayımı xidmətləri haqqının dəyişdirilməsi və abonent qurğusunun kabel şəbəkəsindən açılması haqqında abonentləri ən azı 2 (iki) ay əvvəldən yazılı şəkildə xəbərdar etmək;
13.3.5. kabel şəbəkəsi yayımında baş vermiş hər hansı ciddi və uzunmüddətli nasazlıqlar və onların aradan qaldırılması müddəti haqqında abonentlərə məlumat vermək;
13.3.6. abonentlərə onların hüquq və vəzifələri, yayım  xidmətləri, qiymət və güzəştlər, xidmətlərin genişləndirilməsi haqqında ödənişsiz məlumat vermək;
13.3.7. şikayətlərin yazılı (şəxsən və ya nümayəndə vasitəsilə, poçtla, elektron formada, telefaksla) və şifahi (abonentin qəbulu ilə və ya telefon əlaqəsi ilə) formada fasiləsiz qəbulunu təmin etmək, qeydiyyatını və 15 (on beş) gün müddətində cavablandırılmasını həyata keçirmək;
13.3.8. abonent ilə bağlanılmış müqavilənin şərtlərinə əməl etmək.
13.4. Kabel şəbəkəsi yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağandır. Retranslyasiya olunan telekanallarda xarici reklamların yayımlanmasına görə yayımçı məsuliyyət daşıyır.
13.5. Kabel şəbəkəsi yayımında retranslyasiya olunan xarici telekanallarda reklam vaxtlarında yayım qaydaları müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən olunur.

Maddə 14. Abonentlərin hüquq və vəzifələri

14.1. Abonentlərin aşağıdakı hüquqları vardır:
14.1.1. yayımçı ilə kabel şəbəkəsi yayımı fəaliyyəti çərçivəsində ona xidmət göstərilməsi üçün müqavilə bağlamaq;
14.1.2. yayımçı ilə bağlanılmış müqaviləyə uyğun olaraq,kabel şəbəkəsinə qoşulmaq;
14.1.3. yayımçı ilə kabel şəbəkəsi yayımı xidmətinin göstərilməsi üçün bağlanılmış müqavilədən imtina etmək;
14.1.4. həmin ərazidə fəaliyyət göstərən digər kabel şəbəkəsi yayımı xidmətindən istifadə etmək;
14.1.5. qanunda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
14.2. Abonentə aşağıdakıları həyata keçirmək qadağandır:
14.2.1. texniki normativ hüquqi aktlara uyğun gəlməyən abonent qurğusunu kabel şəbəkəsinə qoşmaq;
14.2.2. yayımçının icazəsi olmadan kabel şəbəkəsinə abonent qurğusunu qoşmaq;
14.2.3. yayımçının icazəsi olmadan abonent şəbəkəsində əlavə abonent qurğuları qoşmaq.
14.3. Abonentlərin vəzifələri aşağıdakılardır:
14.3.1. yayımçıya öz yaşayış və qeyri-yaşayış sahələrində abonent şəbəkəsində və avadanlığında təmir, ölçmə və profilaktik işləri aparmaq üçün şərait yaratmaq;
14.3.2. yayımçı ilə bağlanılmış müqavilənin şərtlərinə əməl etmək;
14.3.3. öz yaşayış və qeyri-yaşayış sahələrində müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən təsdiq edilmiş abonent şəbəkəsi və ya abonent qurğularının texniki istismar qaydalarına əməl etmək.

Maddə 15. Yayımçının məsuliyyəti

15.1. Yayımçı kabel şəbəkəsi yayımı xidmətini texniki normativ hüquqi aktlara uyğun göstərməli, kabel şəbəkəsi yayımında yaranan nasazlıqları bu Qanunda müəyyən olunmuş müddətdə aradan qaldırmalı, kabel şəbəkəsi yayımı xidmətlərinin keyfiyyəti haqqında dəqiq məlumat verməlidir.
15.2. Yayımçı aşağıdakı hallarda kabel şəbəkəsi yayımı xidmətlərini göstərə bilmədikdə və ya natamam göstərdikdə məsuliyyət daşımır:
15.2.1. aradan qaldırılması mümkün olmayan amillərin təsiri mövcud olduqda;
15.2.2. fövqəladə hallar yarandıqda;
15.2.3. özündən asılı olmayan, üçüncü tərəfin təsiri olduqda;
15.2.4. abonent tərəfindən müqavilənin şərtləri pozulduqda.
15.3. Bu Qanunun 14.2-ci və 15.2-ci maddəsində göstərilən səbəblər olmadan yayımın məhdud müddətə verilməsi və ya dayandırılması yayımçının abonentlərə vurduğu ziyan kimi qiymətləndirilir.
15.4. Vurulmuş ziyan Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ödənilir.

Maddə 16.  Şikayət

16.1. Kabel şəbəkəsi yayımına lisenziyanın verilməsindən və ya lisenziyanın müddətinin uzadılmasından imtina olunması, lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması və ya qüvvəsinə xitam verilməsi ilə bağlı mübahisələrə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq baxılır.
16.2. Abonentin yayımçının qanunazidd hərəkətindən (hərəkətsizliyindən) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ vardır.

Maddə 17. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi